"Çelsi"nin sabiq prezidenti Roman Abramoviç Türkiyədən klub alacaq
"Çelsi" futbol klubunun sabiq prezidenti, rusiyali milyarder Roman Abramoviç Türkiyədən klub almağı düşünür.
32gun.az xəbər verir ki, İngiltərə mətbuatında yer alan məlumatlara görə, bir müddət əvvəl İstanbulda malikanə kirayələyən Roman Abramoviç uzun müddət Türkiyədə qalmağı planlaşdırır.
"Türkiyə embarqolarla mübarizə aparan rus milyarder üçün etibarlı sığınacaq kimi görünür" - deyə, qeyd olunub.
Bildirək ki, Rusiya-Ukrayna müharibəsi səbəbindən Abramoviçin Böyük Britaniyaya girişi qadağan edilib. Bundan sonra o, "Çelsi"nin rəhbərliyini klub fonduna təhvil verib. Ardınca isə klubu satmağa qərar verib. Hazırda klubun yeni sahibi amerikalı iş adamı Todd Boehlidir.
Qeyd edək ki, Abramoviçin "Göztəpə" futbol klubunu alacağı haqda xəbərlər yayılsa da, bu baş tutmayıb. Hələlik rusiyalı milyarderin hansı türk klubunu alacağı bəlli deyil.
Nurlan Şiraliyev
