"İlham Əliyevin döyüş əmrinə hamı bir nəfər kimi hazır dayandı, yumruq kimi birləşdi" - Təqaüdçü müəllimin prezidentə TƏBRİKİ
Yazıçı-jurnalist Səbinə Yusif anasının- 43 il Qazax rayonu İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəlliməsi işləmiş Yusifova Aybəniz Alı qızının Prezidentə təbrikindən yazdı:
Anamın cənab Prezidentə ad günü təbriki...
43 il müəllimə işlədi Anam. Təmiz, halal. Nə fəxri ad almaq üçün, nə fəxri fərman almaq üçün heç kimə tərif demədi. Təqaüdə göndəriləndə bir fəxri fərmanla da təltif edilmədi. Yəni anam fəxri fərmanlar üçün yaşasaydı birtəhər təşkil etmək olardı. Heç kimdən heç nə istəmədi, heç bir tərif gözləmədi. Başı dik, alnı açıq yaşadı mənim Anam. Qürur duyuram anamla.
Anam Cənab Prezidenti çox istəyir. Sanki bir balasıdır, doğmasıdır, əzizidir. Hələ siz Cənab Prezident televizorda çıxış edəndə Anamın dualarını eşidəsiniz. Cənab Prezidentin adı çəkilən kimi deyir:

"Bu Vətənin suyu, çörəyi Prezidentin halalı olsun. Xarici jurnalistlərin dizlərini necə yerə gətirirdi. Onlar Prezidentə sifarişli, qərəzli suallar verirdilər, Prezident tarixi faktlarla onları susdururdu. İlham Əliyev Azərbaycanı dünyada qalib ölkə olaraq tanıtdı". Bəlkə də Anamın Prezident haqqında dediyi fikirləri yazsam bitib-tükənməz.
Bu gün telefonla danışanda dedim, ana, sabah cənab Prezidentin 60 yaşı tamam olur. Anam yenə də dualar etməyə başladı. Təbii ki, bu qeyd etdiklərim onun dediklərinin az bir hissəsidir: "A bala, Allah özü pənahında saxlasın Prezidentimizi. 60 yaşı mübarək olsun. Bir belə də yaş gəlsin yaşının üstünə. Göylər qədər uca, dağlar qədər ulu olsun. Ona ən gözəl günlər arzu edirəm. Qarabağı mənfur düşməndən aldı, qara buludları ölkəmizin üstündən qovdu. İlham Əliyevin döyüş əmrinə hamı bir nəfər kimi hazır dayandı, millət bir yumruq kimi birləşdi. Şəhidlərimizin ruhu şad olsun. İlham Əliyevin apardığı müdrik siyasətin tarixi nəticəsi göz qarşısındadır. Onun müdrik siyasəti bizə Zəfər sevinci yaşatdı. 30 illik həsrətə son qoyuldu. Qarabağımızın ağ günləri, İlhamlı günləri başlayır. Ömrü uzun olsun cənab Prezidentin. Azərbaycan artıq çiçəklənən Azərbaycandır".
Anamın bu səmimi, ürəkdən söylədiyi arzularına mən də qoşuluram. Ad gününüz mübarək, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı Cənab İlham Əliyev.
P.S. Əli qabarlı, dili dualı, ömrü vüqarlı Azərbaycan qadının - Azərbaycan müəlliminin adından yazdığım bu təbrik onun ürəyinin dərinliyindən gələn səmimi bir təbrikdir.