SOSIAL

Prokurorluq orqanlarından xaric edilən Xalid Təhməzov “Azərişıq”da necə vəzifəyə gəlib?

Vaxtilə işində yol verdiyi nöqsanlara görə prokurorluq orqanlarından xaric edilən Xalid Təhməzov hazırda “Azərişıq” ASC-də vəzifədədir.

Bu barədə AFN.az-a “Azərişıq” ASC “Şimal” RETSİ-nin nəzarətçi-mühəndisi Mustafayev Zaur bildirib. O qeyd edib ki, X.Təhməzov Hərbi Prokurorluqda idarə rəisi kimi işə rəhbərliyi zəruri tələblər səviyyəsində təşkil edə bilmədiyinə, xidməti və icra intizamının pozuntusu hallarına yol verdiyinə, aşkar qanunsuzluqlar və nöqsanların aradan qaldırılması üçün tədbirlər görmədiyinə görə Baş Prokurorluğun əmrilə vəzifədən azad edilsə də hazırda ASC sədrinin müşaviri vəzifəsində çalışır. AFN.az vətəndaş şikayətini araşdırarkən X.Təhməzovun hələ 2005-ci ildə işdə yol verdiyi nöqsanlara görə prokurorluq orqanlarından xaric edildiyi aydın olub. Bu barədə dövlət agentliyi olan AzərTAC-ın yaydığı xəbərdə deyilir: "Respublika Hərbi Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin rəisi kimi həmin struktur qurumun fəaliyyətinə rəhbərliyi zəruri tələblər səviyyəsində təşkil edə bilmədiyinə, xidməti və icra intizamının pozuntusu hallarına yol verdiyinə, aşkar qanunsuzluqlar və nöqsanların aradan qaldırılması üçün vaxtında tədbirlər görmədiyinə görə, Baş Prokurorluq üzrə müvafiq əmrlə tutduğu vəzifədən azad edilən Xalid Təhməzov, Sumqayıt hərbi prokurorunun böyük köməkçisi vəzifəsinə təyin edildikdən sonra da xidməti və əmək intizamının mütəmadi və kobud pozuntusu hallarına yol verməkdə davam etmişdir. Xalid Təhməzov növbəti məzuniyyət müddəti qurtardıqda, habelə xəstəliyi ilə əlaqədar müalicəsi başa çatdıqdan sonra uzun müddət ərzində heç bir üzrlü səbəblər olmadan işə çıxmamaqla, xidməti və əmək intizamının mütəmadi və kobud pozuntusuna yol verdiyinə görə, Baş Prokurorluq üzrə 2005-ci il 29 noyabr tarixli əmrlə prokurorluq orqanlarından xaric edilmişdir".
Bununla bağlı ASC-yə verdiyimiz sorğu təəssüf ki, cavabsız qalıb. Lakin mövzunun ciddiliyini nəzərə alaraq prosesin qanunvericilik hissəsini araşdırdıq. Əmək hüquqları üzrə mütəxəssislə söhbətimiz zamanı aydın oldu ki, özəl müəssisələrdə maddə ilə işdən çıxarılan şəxslərin yenidən işə götürülməsi problem deyil. Həmçinin əgər işçi rəhbərlik tərəfindən töhmət alırsa və müəyyən müddətdən sonra hansısa yaxşı işinə görə mükafatlandırılırsa, bu zaman töhmət qüvvədən düşmüş hesab edilir. Dövlət müəssisələrində isə vəziyyət bir qədər başqa cürdür. Belə ki, məsələn, “Dövlət qulluğu haqqında” qanuna görə, barələrində intizam tədbiri görülmüş dövlət qulluqçuları 6 ay ərzində müsahibəyə və müsabiqəyə buraxılmırlar. O ki qaldı maddə ilə işdən çıxarılmağa, həmsöhbətimiz bildirir ki, bu hal artıq Əmək Məcəlləsi ilə tənzimlənmir: “Əgər orqandan xaric edilibsə, o halda yalnız məhkəmə yolu ilə bərpasına çalışa bilər. O ki qaldı, prokurorluq orqanlarından xaric edilən işçinin digər bir dövlət orqanında (hüquq-mühafizə orqanları istisna edilməklə) işə qəbuluna, məncə, bu halda yalnız yuxarıda qeyd etdiyimiz 6 ay məhdudiyyəti tətbiq oluna bilər. Təbii ki, burda da, 6 ay müddət gözlənildikdən sonra müsabiqə mərhələsindən keçən namizədi işəgötürən öz mülahizəsinə uyğun olaraq müsahibə mərhələsindən keçirməyə bilər. Qanunvericilikdə başqa məhdudiyyət halı yoxudr”.

Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən aşağıdakı hallar əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir:

- Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir:
a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi;
b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; [110]
c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması;
ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması;
d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi;
e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi;
ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması;
f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.

X.Təhməzov bu "məziyyətləri" ilə "Azərişıq" ASC-də necə sədrin müşaviri kimi yüksək bir vəzifəni tuta bilər, buna təbii ki, onu özünə müşavir edən Vüqar Əhmədov cavab verə bilər. Lakin təəssüflər onun media siyasətini həyata keçirənlər bu mövzuda olan sorğuları iqnor etmək yolunu tutublar.
X.Təhməzovun mövqeyini verməyə hazırıq.

Oxşar Xəbərlər