Rusiyanın İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin "Rossiyskaya qazeta"ya verdiyi müsahibədə "Krokus Siti Hall" konsert zalında baş verən terror aktı ilə bağlı iş üzrə 27 nəfərin təqsirləndirilən şəxs kimi tanındığını açıqlayıb.
32gun.az bildirir ki, Bastrıkin qeyd edib ki, hazırda hadisənin təşkilində, hazırlanmasında və maliyyələşdirilməsində iştirak edə biləcək şəxslərin müəyyən edilməsi istiqamətində işlər davam etdirilir.
O əlavə edib ki, təqsirləndirilən şəxslər arasında vahid maliyyə toplama mərkəzləri vasitəsilə əlaqələrin mövcudluğu müəyyən olunub və bu istiqamətdə yoxlamalar aparılır.
Yanvarın 2-də verilən məlumata görə, İstanbul prokurorluğu "Krokus Siti Hall" konsert zalında baş verən terror aktının icrasına bağlı beş əcnəbi vətəndaş üçün 7,5 ildən 15 ilə qədər həbs cəzası tələb edib.
2024-cü il martın 22-də Moskva ətrafındakı Krasnoqorsk şəhərində yerləşən "Krokus Siti Hall" konsert zalında terror aktı baş verib. “Piknik” qrupunun çıxışı ərəfəsində zala silahlı şəxslər daxil olaraq tamaşaçılara atəş açıblar. Ardınca partlayışlar olub və yanğın baş verib. Hücum nəticəsində 550 nəfər xəsarət alıb. Rusiya İstintaq Komitəsi terror aktı (Rusiya Cinayət Məcəlləsinin 205-ci maddəsi) ilə bağlı cinayət işi açıb və 10-dan çox şəxsi saxlayıb.
Ayxan