Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Co Baydenin administrasiyasının Kiyevə dəstəklə bağlı siyasətindən qismən məyus olduğunu bildirib.
32gun.az bildirir ki, o, Polşa mediasına verdiyi müsahibədə bunun səbəblərini açıqlayıb.
Zelenskinin sözlərinə görə, Kiyev bəzi məsələlərdə Vaşinqtondan daha çevik və sürətli hərəkət etməyi xahiş edib. Xüsusilə, 24 fevral 2024-cü il tarixinə qədər Rusiyaya qarşı qabaqlayıcı sanksiyaların tətbiqi və silah tədarükü məsələlərində ABŞ-ın daha aktiv davranması tələb olunub. Zelenski bu məsələlərdəki lənglik və mövcud tədbirlərin həyata keçirilməməsini "zəif mövqe" adlandırıb.
Bundan əlavə, Zelenski hava hücumundan müdafiə sistemlərinin tədarükündəki lənglikdən narazılığını ifadə edib. Ukrayna lideri, həmçinin, ABŞ-ın münaqişənin başlanğıcında "Patriot" sistemlərinin tədarükünü niyə gecikdirdiyini anlaya bilmədiyini vurğulayıb.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ Prezidenti Co Bayden vida çıxışında Ukraynanın azadlığını qoruyub saxlamağı bacardığını qeyd etmişdi. Eyni zamanda, Bayden administrasiyasının NATO-nu gücləndirdiyini vurğulamışdı.
Ayxan