Rusiya XİN: ABŞ-ın Kubanı terrorizmin sponsorları siyahısından çıxarması düzgün, amma kifayət deyil
Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın Kubanı terrorizmin sponsorları siyahısından çıxarmaq qərarını düzgün addım adlandırsa da, bunun kifayət etmədiyini bildirib.
32gun.az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova "RİA Novosti"yə açıqlama verib.
Zaxarova qeyd edib ki, ABŞ-ın bu addımı müsbət qiymətləndirilsə də, Kubaya qarşı iqtisadi blokadanın hələ də davam etməsi ciddi problemdir.
“ABŞ tərəfindən Kuba əleyhinə tətbiq edilən iqtisadi, ticarət və maliyyə blokadası qeyri-qanuni və antihumanist xarakter daşıyır. Son illərdə Vaşinqton bu məhdudiyyətləri misli görünməmiş səviyyədə sərtləşdirib və bu tədbirlər hələ də qüvvədədir,” – deyə Zaxarova bildirib.
Qeyd edək ki, 14 yanvar tarixində Ağ Evin rəsmi saytında Kubanın terrorizmin sponsorları siyahısından çıxarılması ilə bağlı sənəd dərc olunub. Qərar ABŞ Prezidenti Co Bayden tərəfindən qəbul edilib və yalnız müvəqqəti xarakter daşıyır – cəmi altı ay müddətinə qüvvədə olacaq.
Xatırladaq ki, ABŞ Kubanı 2021-ci ildə, Donald Trampın prezidentliyinin son günlərində yenidən bu siyahıya daxil etmişdi. Daha əvvəl isə Pentaqonun keçmiş əməkdaşı Duqlas Makkinnon Donald Trampın Kuba və Şimali Koreya da daxil olmaqla bir sıra əraziləri əldə etməyi nəzərdən keçirə biləcəyini irəli sürmüşdü.
Ayxan