DÜNYA ÖZ XƏBƏR

Trampın bu FƏRMANINA qarşı məhkəmə iddiası qaldırıldı

ABŞ Prezidenti Donald Trampın andiçmə günündə imzaladığı və doğumla vətəndaşlıq hüququnu ləğv etməyi hədəfləyən fərman hüquqi mübahisələrə səbəb olub.

32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, Massaçusets federal məhkəməsində qaldırılan iddiada fərmanın 14-cü düzəlişlə təmin olunan hüquqları qanunsuz şəkildə ləğv etmək cəhdi olduğu bildirilir.

İddia, mart ayında ana olmağa hazırlaşan sənədsiz miqrant bir qadın və iki qeyri-kommersiya təşkilatı tərəfindən qaldırılıb. Şikayətçilər qeyd edib ki, doğumla vətəndaşlıq hüququ həm 14-cü düzəlişdə, həm də federal qanunlarda təsbit olunub və bu hüququn prezident fərmanı ilə ləğvi mümkün deyil.

"Bu misli görünməmiş cəhd milyonlarla amerikalının vətəndaşlıq statusunu bir qələmlə ləğv etməyə yönəlib və açıq şəkildə qanunsuzdur. Prezidentin doğumla vətəndaş olmaq hüququnu müəyyən etmək səlahiyyəti yoxdur," deyə iddiada bildirilib.

Şikayətçilər fərmanın icrasının insanların milli kimliklərini məhv edəcəyini, onları öz ölkələrində vətəndaşlıqdan məhrum edərək şəxsiyyətsizlik, qorxu və qeyri-müəyyənlik içində yaşamağa məcbur edəcəyini qeyd edib.

İddia Massaçusets rayon məhkəməsindən fərmanı konstitusiyaya zidd elan etməyi və onun icrasını dayandırmağı tələb edir.

Qeyd:

Doğumla vətəndaşlıq hüququ (ingiliscə birthright citizenship) o deməkdir ki, bir şəxs ABŞ ərazisində doğulduğu üçün avtomatik olaraq ABŞ vətəndaşı olur. Bu hüquq ABŞ Konstitusiyasının 14-cü düzəlişi ilə təmin olunur və belə ifadə edilir:

"ABŞ-da doğulan və ya vətəndaşlıq üçün naturalizə olunan bütün şəxslər Birləşmiş Ştatların və o ştatın, harada yaşayırlarsa, vətəndaşlarıdır."

Bu prinsip "jus soli" (torpaq hüququ) anlayışına əsaslanır, yəni şəxsin doğulduğu yer onun vətəndaşlığını müəyyən edir. ABŞ-da doğumla vətəndaşlıq hüququ qanunsuz immiqrantların uşaqlarına, xarici turistlərin ABŞ-da doğulan övladlarına və digərlərinə də şamil edilir.

Donald Trampın mübahisəli fərmanı məhz bu hüququ ləğv etməyi hədəfləyirdi, lakin 14-cü düzəlişə əsaslanaraq hüquqi mübahisələrə səbəb olub.

Ayxan 

Oxşar Xəbərlər