Lyej Məhkəməsi Ursula fon der Lyayenə qarşı korrupsiya ittihamını araşdırmaqdan imtina etdi.
Avropa Komissiyasının sədri Ursula fon der Lyayenə qarşı COVID-19 vaksininin satın alınmasında korrupsiya ittihamları ilə bağlı araşdırma dayandırılıb.
32gun.az bildirir ki, bu barədə L-Post nəşri Lyej Məhkəməsinin qərarına istinadən məlumat yayıb.
Xəbərə görə, məhkəmə belçikalı iş adamı Frederik Baldanın fon der Lyayenə qarşı iddiasını baxılmamış rədd edib. Qərar yanvarın 20-də qəbul olunub.
Fon der Lyayen, sınaqları tamamlanmamış COVID-19 vaksininin alınması üçün Pfizer şirkəti ilə 1,8 milyard doza vaksin üçün 35,8 milyard avroluq müqaviləni təsdiqləməkdə ittiham olunurdu. İddiaya əsasən, bu qərar Avropa İttifaqına üzv ölkələrlə razılaşdırılmadan, yalnız onun şirkət rəhbəri ilə SMS yazışmalarından sonra qəbul edilib.
Məlumata görə, 2024-cü ilin aprelində Avropa prokurorlarının fon der Lyayenə qarşı başlatdığı cinayət işi Avropa İttifaqının Prokurorluğuna təqdim olunmuşdu. Hüquq-mühafizə orqanları dövlət funksiyalarına müdaxilə, SMS-lərin silinməsi, korrupsiya və maraqlar toqquşması iddialarını araşdırırdı.
Əvvəllər məhkəmənin fon der Lyayenə qarşı toxunulmazlıq məsələsini də müzakirə edəcəyi bildirilmişdi.
Nilay