Çin ilk sualtı-dronunu təqdim edib
Çində dünyada ilk dəfə sualtı qayıqdan suya buraxıla bilən pilotsuz uçuş aparatı təqdim edilib.
32gun.az xəbər verir ki, bu barədə Honq-Konqda dərc edilən South China Morning Post (SCMP) məlumat yayıb. Yeni dron, həm dənizdə, həm də havada hərəkət edə bilir və yenidən sualtı qayığa qayıda bilir.
Feiyi adlanan bu yeni dronun həm suda üzə, həm də havada uça bilməsi kəşfiyyat əməliyyatları və zərbələrin endirilməsi üçün əlverişli hesab edilir. Ekspertlər hesab edir ki, mövcud müdafiə texnologiyaları bu cür innovativ silaha effektiv şəkildə qarşı dura bilmir.
Layihə, Şimal-Qərb Politexnik Universiteti (NWPU) və Çin Aerodinamik Tədqiqat və İnkişaf Mərkəzinin (CARDC) alimləri tərəfindən birgə hazırlanıb.
Dronun unikal konstruksiyası qatlanan qanadlara malikdir ki, bu da ona bir uçuş zamanı bir neçə dəfə su ilə hava arasında keçid etməyə imkan verir. Bu xüsusiyyət, dronun maskalanma və sağ qalma imkanlarını əhəmiyyətli dərəcədə artırır. Qanadların dənizdə qatlanması ilə su müqaviməti azalır və beləliklə dron sürətlə suyun altına enə bilir.
Dronun qanadları beş saniyə ərzində qatlanaraq onu suyun altına dalmağa hazır vəziyyətə gətirir.
SCMP-nin məlumatına görə, ilin əvvəlində Çin alimləri mobil atom saatlarını da təqdim edib. Bu saatlar, ən ekstremal şəraitdə belə zaman ölçmədə qeyri-müəyyənliyi kvadrilyonda bir hissədən də az səviyyədə saxlamaq qabiliyyətinə malikdir. Alimlər bu texnologiyanın gələcək müharibələrin xarakterini dəyişdirəcəyini bildirir.
Ayxan