İranda limanda partlayış - Xeyli sayda yaralı var (YENİLƏNİB)
Bəndər Abbasın Rəcai limanında baş verən partlayış nəticəsində yaralananların sayı 700-ü keçib.
Bu barədə Hörmüzqan əyalətinin böhranların idarə edilməsi üzrə baş direktoru Mehrdad Həsənzadə açıqlayıb.
Onun sözlərinə görə, yaralıların sayının artacağı istisna edilmir.
Yaralıların ehtiyac duyduğu qanı təmin etmək üçün Gilan, Tehran, Yəzd, Həmədan, Kirman, Şimali Xorasan və İsfahan əyalətlərindən Bəndər Abbasa qan göndərilib.
***
İranın Şəhid Rəcai limanında baş verən partlayışda xəsarət alanların sayı 406 nəfərə çatıb.
Bu barədə İranın yerli hakimiyyət orqanları məlumat yayıblar.
Bildirilir ki, partlayışın dalğası çox güclü olub və limandakı əksər binalara, eləcə də avtomobillərə ciddi ziyan vurub.
***15:00
İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində yaralananların sayı 281 nəfərə çatıb.
"32gun.az" "Tasnim"ə istinadən xəbər verir ki, bu barədə Hörmüzqan əyalətinin təcili xidmətləri məlumat yayıb.
***14:16
İranın cənubundakı Bəndər Abbas şəhərində dəniz limanında güclü partlayış olub.
"32gun.az" xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
İlkin məlumatlara görə, baş verən partlayış nəticəsində 80 nəfər xəsarət alıb.