Şəbəkə marketlərinin genişlənməsi: KOB-lar üçün fürsətdir, yoxsa...
Azərbaycan iqtisadiyyatının əsas məqsədlərindən biri də qeyri-neft sektorunun inkişafıdır. Bu kontekstdə kiçik və orta bizneslərin (KOB) dəstəklənməsi xüsusi əhəmiyyət kəsb edir. Pərakəndə sektorunun inkişafı, xüsusilə şəbəkə marketlərinin genişlənməsi, KOB-lar üçün yeni imkanlar yaradır. Lakin bu inkişaf eyni zamanda müəyyən çağırışları da ortaya qoyur.
Şəbəkə marketlərinin pərakəndə sektorda genişlənməsi, kiçik və orta bizneslər üçün daha geniş bazar imkanları yaratmaqla yanaşı, bəzi yeni tələblər də gətirir.
Bu, bizim (jurnalistin) fikrimizdir.
Təbii ki, mövzunu sadəcə redaksiya çərçivəsində dəyərləndirmək və ona yalnız jurnalist prizmasından baxmaq yetərli deyil.

Mövzu ilə bağlı danışan marketinq üzrə ekspert Səfər Aslanov açıqlama verib:
"Hal-hazırda ölkəmizdə 12 şəbəkə marketi, ümumi filial sayı isə 3000-dən artıq filialla fəaliyyət göstərir. Dünyada, həmçinin ölkəmizdə gedən tendensiya onu göstərir ki, marketlərin filial formatları orta və kiçik ölçülərdə artmaqda davam edir. Bu, daha çox ərazini daha qısa müddətdə əhatə etmək və rəqabət üçün manevr imkanlarını təmin etmək üçün həyata keçirilir. İri formatlı filialların sayında artım tendensiyası yüksək deyil və növbəti 5 il ərzində onların xidmət formatlarında ciddi dəyişikliyin olacağını görmüş olacağıq", – deyə mövzuya giriş edən ekspert "Şəbəkə marketlərinin yerli kiçik və orta sahibkarlarla əməkdaşlığı onların uzunmüddətli inkişafına necə təsir edir?" sualına isə belə cavab verib:
"Şəbəkə marketləri ilə əməkdaşlıq, yerli KOB-ların (kiçik və orta biznes) uzunmüddətli inkişafında mühüm rol oynaya bilər. Bu əməkdaşlığın təsiri əsasən aşağıdakı istiqamətlərdə müşahidə olunur:
Bazar genişlənməsi və satış həcminin artması: Şəbəkə marketlər vasitəsilə məhsullarını daha geniş auditoriyaya təqdim edə bilən sahibkarlar üçün bu, gəlirin sabitliyi və artımı deməkdir.
Brend tanınması və etimad: Şəbəkə marketlərin vitrini, kiçik istehsalçının məhsuluna daha çox alıcı ilə təmas imkanı yaradır və markanın etibarlılığına töhfə verir.
Keyfiyyət və standartlaşdırmada inkişaf: Şəbəkə marketlərlə əməkdaşlıq, sahibkarlardan daha yüksək keyfiyyət və sənədləşmə tələblərini yerinə yetirməyi tələb etdiyi üçün istehsalçılar daha peşəkar sistemə keçməyə məcbur olurlar.
Dayanıqlılıq və investisiya imkanları: Sabit satış kanalı olan sahibkarlar daha asan investisiya cəlb edə, planlı inkişaf üçün strateji addımlar ata bilirlər.
Qlobal təcrübə göstərir ki, şəbəkə marketləri ilə əməkdaşlıq KOB-ların davamlı inkişafında mühüm rol oynayır. Məsələn, Dünya Bankının 2023-cü il hesabatına görə, inkişaf etməkdə olan ölkələrdə KOB-ların 30%-i pərakəndə satış şəbəkələrinə çıxış qazandıqda satışlarını orta hesabla 45%-ə qədər artırıb. OECD məlumatlarına əsasən, şəbəkə marketləri ilə işləyən KOB-lar keyfiyyət standartlarını tətbiq etməyə başlayır və bu da onların eksport potensialını 25%-ə qədər artırır. ABŞ və Avropa İttifaqında aparılan sorğular göstərir ki, KOB-ların şəbəkə marketlərinə çıxışı onların brend tanınmasını və etibarlılığını əhəmiyyətli dərəcədə artırır – alıcıların 60%-i tanınmış market şəbəkələrindəki yerli brendlərə daha çox etibar edir."
S. Aslanov kiçik istehsalçıların şəbəkə marketlərinə çıxışı üçün hansı əsas çətinliklər və imkanların mövcud olmasına da toxunub:
"Tələb olunan sənədləşmə və sertifikatlar: Bir çox kiçik istehsalçılar, xüsusən kənd yerlərində, məhsul sertifikasiyası, qida təhlükəsizliyi sənədləri və digər standartlara cavab verməkdə çətinlik çəkirlər.
Aşağı istehsal gücü: Böyük sifarişləri vaxtında və keyfiyyətli şəkildə yerinə yetirmək çətin ola bilər.
Qiymət və ödəniş şərtləri: Şəbəkə marketlər bəzən uzunmüddətli ödəniş (30–90 gün) tələb edir, bu da kiçik biznesin likvidliyinə mənfi təsir edə bilər.
Logistika və məhsul çatdırılması: Dağıtım şəbəkəsi olmayan istehsalçılar üçün məhsulun vaxtında və düzgün şəraitdə çatdırılması problemlidir.
Nümunə olaraq deyim ki, FAO (BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı) qeyd edir ki, inkişaf etməkdə olan ölkələrdə kənd təsərrüfatı istehsalçılarının yalnız 15%-i böyük satış zəncirlərinə daxil ola bilir. Əsas səbəblər: sənədləşmə, logistika və maliyyə resurslarının azlığıdır. IFC (Beynəlxalq Maliyyə Korporasiyası) məlumatına görə, KOB-ların 70%-i ödənişlərin gecikməsi və yüksək komissiya səbəbilə şəbəkə marketlərlə əməkdaşlıqdan çəkinir.
Bütün bunlara baxmayaraq, çox böyük imkanlar mövcuddur. 2022-ci il Nielsen araşdırmasına əsasən, alıcıların 67%-i yerli məhsulları böyük brend məhsullara üstün tutur. Bu, şəbəkə marketlərdə yerli məhsullar üçün böyük bir bazar potensialı yaradır. Carrefour və Walmart kimi iri brendlər son illərdə "local sourcing" (yerli məhsul təchizatı) proqramlarına investisiyalarını artırıb. Məsələn, Walmart 2025-ci ilə qədər ABŞ-da 50 milyard dollarlıq yerli məhsul almağı planlaşdırır. Bəzən KOB-ların brendləşmə siyasətinə münasibəti onların böyük bazarlara çıxışına ciddi maneələr törədir. Bazarda “White Brand” dediyimiz anlayışı əsas götürərək təmil edilmək də mümkündür. Ölkəmizdə bir sıra market şəbəkələrinə bal, ağartı məhsulları və ət məhsulları bu strategiya ilə təqdim olunur".

Mövzudan çıxmadan yerli məhsulların bazara çıxışına da toxunmasaq olmaz.
Ölkə mediasında digər ekspertlərin də rəylərinə diqqət yetirsək, onu anlayırıq ki, şəbəkə marketlərinin sayının artması yerli istehsalçıların məhsullarını daha geniş bazara təqdim etməsinə imkan yaradır.
"Məsələn, Araz və OBA marketlərində buna diqqət yetirilir. Bu məhsullar mövcuddur".
Təbii ki, gördüklərimiz və duyduqlarımız bizi məmnun etməyə bilməzdi... Bununla bağlı yazının növbəti abzaslarında ətraflı məlumat veririk...
Əgər deyilənlər inansaq bu, kiçik sahibkarlara öz istehsal güclərini artırmağa və daha böyük bazarlara daxil olmağa imkan verir. Eyni zamanda, bu marketlərdəki məhsul çeşidinin genişlənməsi yerli istehsalçıların rəqabət qabiliyyətini artırır.

Market şəbəkələrinin tələblərindən biri məhsulun keyfiyyəti və sabit tədarüküdür. Bu səbəbdən, KOB-lar müasir istehsal və qablaşdırma texnologiyalarına uyğunlaşmağa başlayır ki, bu da onların məhsullarını bazarda daha rəqabətədavamlı edir.

Logistika və tədarük sistemində inkişaf
Şəbəkə marketləri məhsulların mərkəzləşdirilmiş şəkildə tədarükünü təmin etmək üçün regionlarda anbar və logistik mərkəzlər qurur. Bu isə kiçik logistik şirkətlər və xidmət təminatçıları üçün yeni əməkdaşlıq imkanları yaradır. Kənd təsərrüfatı məhsullarının daha az itki ilə satış nöqtələrinə çatdırılması həm iqtisadiyyatın səmərəliliyini artırır, həm də yerli istehsalçılara daha çox satış imkanı verir.

Qadınlar və Gənclər üçün yeni iş imkanları
Şəbəkə marketləri pərakəndə sektorda əhəmiyyətli məşğulluq mənbəyidir. Xüsusilə OBA və Araz marketlərində çalışanların əksəriyyəti qadınlar və gənclərdir. Onlar kassir, satış məsləhətçisi, məhsul düzənləyicisi, mühafizə və digər sahələrdə fəaliyyət göstərirlər. Bəzi market şəbəkələri daxilində təlim proqramları təşkil edir ki, bu da işçilərin peşəkar inkişafını təmin edir.
Ərzaq Təhlükəsizliyi və keyfiyyətə nəzarət
Şəbəkə marketləri məhsulun keyfiyyəti, mənşəyi və saxlanma şəraiti ilə bağlı ciddi meyarlar tətbiq edir. Bu meyarlar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və digər nəzarət qurumları ilə birlikdə işlənmiş sistemlərə əsaslanır. Beləliklə, istehlakçılar daha etibarlı və nəzarət olunmuş məhsullar əldə edir, bu da bazarda keyfiyyət standartlarını yüksəldir.

Veysəloğlu Şirkətlər Qrupunun yerli istehsalçılara münasibəti
Öz mənbələrimizə də inanaraq yazımızda bunun üçün də kiçik araşdırma etdik:
Veysəloğlu Şirkətlər Qrupu tərkibində fəaliyyət göstərən Araz, OBA marketlər şəbəkəsi, yerli istehsalçılarla əməkdaşlığı genişləndirir. Bu marketlərdəki məhsullar arasında Azərbaycanın müxtəlif bölgələrindən olan yerli brendlər üstünlük təşkil edir.
Satıcıların bildirdiyinə görə, bu məhsulların bəziləri birbaşa istehsalçılardan alınır, vasitəçi olmadan satışa çıxarılır.
OBA və Araz marketləri yerli istehsalçılar üçün vacib satış platforması təmin edir. OBA marketləri kiçik formatlı satış nöqtələri olaraq, yerli məhsulların geniş çeşidini təqdim edir.

Marketdəki "OBA Süfrəsi" brendi ilə satılan məhsullar – makaron, konserv, çay və s. – yerli istehsalçılar tərəfindən qablaşdırılır və bazara çıxarılır. Əlbəttə, bu, həm KOB-ların satış imkanlarını artırır, həm də ərzaq təhlükəsizliyinə və logistik imkanlara müsbət təsir göstərir.
Müşahidələrə əsasən, gördük ki, mağazalarda "Yerli məhsullar" üçün ayrıca vitrinlər ayrılıb.
Digər Market şəbəkələrindən də bizə verilən iradlı məlumat...
Lakin bəzi istehsalçılar hələ də qablaşdırma və təqdimat məsələlərində müasir tələblərə uyğunlaşa bilmirlər, bu isə bazara çıxışlarını çətinləşdirir. Eyni zamanda, xarici istehsalın bazarda dominant olması bəzi yerli istehsalçılara rəqabət aparmaqda çətinlik yaradır.
İqtisadiyyatın inkişafı və KOB-ların rəqabətə davamlılığı
Pərakəndə sektorunun inkişafı, xüsusilə şəbəkə marketlərinin genişlənməsi, yerli istehsalçılar üçün həm fürsətlər, həm də çətinliklər təqdim edir. Bu proses, kiçik və orta bizneslərin daha geniş bazara çıxışını təmin edərkən, məhsulun keyfiyyəti, təqdimat və logistik məsələlərə yeni tələblər qoyur. KOB-ların bu tələblərə uyğunlaşaraq rəqabətə davamlı olması, uzunmüddətli inkişafları üçün vacib amil hesab olunur.
Aygün
Bu yazı Veysəloğlu Şirkətlər Qrupunun, Azərbaycan Mətbuat Şurasının və Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyinin "Orta və kiçik biznesin inkişafında pərakəndə sektorun rolu” mövzusundakı birgə müsabiqəsinə təqdim olunur.