Bakıda beynəlxalq dizayn və memarlıq forumu: gələcəyin şəhərləri müzakirə olundu
Bu gün Bakı Konqres Mərkəzi memarlıq və dizayn sahəsində regionun ən mühüm tədbirlərindən birinə ev sahibliyi edib. “InVision Design Talks & Visionary Design” adlı forum Türkiyənin aparıcı şirkətləri – Seranit və Zivellanın təşkilatçılığı ilə baş tutub.
Forum Azərbaycanın və Türkiyənin tanınmış memar və dizaynerlərini bir araya gətirərək memarlığın gələcəyi, şəhərsalma strategiyaları, sənaye dizaynının yeni meylləri və mədəni kontekstli interyer həlləri kimi mövzularda fikir mübadiləsi üçün platforma yaradıb.
Tədbir Azərbaycan və Türkiyə dövlət himnlərinin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.
“Bakı bizim üçün sadəcə bir şəhər deyil”
Zivella şirkətinin baş direktoru Abdurrahman Uzun çıxışında bildirib ki, 20 ildir Azərbaycanda fəaliyyət göstərən şirkət, dörd qitəyə məhsul ixrac edir:
“Bakı bizim üçün sadəcə bir şəhər deyil, iki qardaş ölkənin ortaq tarix və mədəniyyətinin simvoludur. İnnovativ dizayn və memarlıq müzakirələrini ilk dəfə məhz bu şəhərdə başlatmağımız təsadüfi deyil”.
Seranit Azərbaycanın rəhbəri Ufuk Polat çıxışında qeyd edib ki, Forum memarlıq və dizayn sahəsində beynəlxalq təşəbbüsdür, müzakirələrin ardınca fəaliyyətlərin əlaqələndirilməsi istiqamətində addımlar atılacaq: “Bu təşəbbüs çərçivəsində müxtəlif ölkələrdə tədbirlərimiz, müzakirələrimiz, təcrübə mübadilələri təşkil olunacaq”.
Pandemiyanın təsiri: evdə ofis, ofisdə ev
Türkiyənin məşhur interyer dizayneri Yelin Evcen forum zamanı vurğulayıb ki, pandemiya sonrası dəyişən həyat tərzi dizayna da birbaşa təsir edib:
“İnsanlar evdə işləməyə başladı və bu, interyerdə yeni balans axtarışına səbəb oldu. Artıq ofislərdə rahatlıq, evlərdə isə işgüzar mühit formalaşdırmaq əsas prioritetə çevrilib”.
Evcen, ilk dəfə səfər etdiyi Bakı şəhərinin memarlıq üslubu və geniş küçələrini də yüksək qiymətləndirib:
“Bakıda tarixlə müasirliyin harmoniyasını hiss etmək mümkündür. Gəzə bildiyim qədərilə şəhər möhtəşəmdir”.
“Yaşıllıq Bakının dizayn koduna çevrilməlidir”
ASLI Partners şirkətinin nümayəndəsi Hüseyn Tongüc Ezcan isə Bakıdakı yaşayış vərdişlərinin memarlıq yanaşmalarına necə təsir etdiyindən danışıb:
“Şəhər sakinlərinin əksəriyyəti yaşıllıqla təmasda olmaq istəyir. Həm yaşayış, həm də ofis binalarının layihələndirilməsində bu element mütləq nəzərə alınmalıdır”.
Məkan ruhu və mədəniyyət vəhdəti
Tədbirdə çıxış edən digər dizaynerlər, o cümlədən Gönül Ardal, dizayn zamanı məkanın yerləşdiyi bölgənin tarixi, mədəni simvollarının və “ruhunun” nəzərə alınmasının vacibliyini vurğulayıb.
Gələcəyə baxış: Forumun əsas məqsədi
Forum çərçivəsində “Dizaynda həyat tərzi”, “Yaşayış məkanlarının formalaşdırılması”, “İş və qonaqpərvərliyin inteqrasiyası”, “Brend dəyəri və məkan kimliyi” kimi mövzularda panel müzakirələr keçirilib. Tədbirin əsas məqsədi sənaye dizaynı və memarlıq sahəsində tərəfdaşlıqları gücləndirmək, təcrübə mübadilələrinə yol açmaq və gələcəyin şəhər dizaynı üzrə strateji baxışları formalaşdırmaq olub.
Forum dizayn və memarlıq sahəsində mütəxəssislərin regional və beynəlxalq əməkdaşlığı üçün yeni imkanlar vəd edir.