Cəlil Məmmədquluzadənin barelyefində “Azərbaycan” sözü bərpa olunub
Tbilisidə Cəlil Məmmədquluzadənin barelyefinə müdaxilə aradan qaldırılıb.
"32gun.az" APA-ya istinadən xəbər verir ki, xatirə lövhəsindəki “Azərbaycanın” yazısı üzərindəki ağ cızıqlar xüsusi məhlulla silinib.
Yazının bərpası Azərbaycanın Gürcüstandakı səfirliyi və Cəlil Məmmədquluzadənin ev-muzeyinə ictimai nəzarət həyata keçirən Gürcüstanın Azərbaycanlı Ağsaqqallar Şurası tərəfindən həyata keçirilib.
Muzeyin yerləşdiyi ərazidə təhlükəsizlik kameraları olmadığından yazının kimin tərəfindən silindiyini müəyyənləşdirmək mümkün olmayıb.
Qeyd edək ki, ev-muzeyinin yerləşdiyi binanın 2007-ci ildən mədəni irs abidəsi statusu var. Gürcüstanda bu cür tikililərin fasadlarına istənilən növ yazıların qanunsuz yazılmasına və “qrafiti”lərin çəkilməsinə görə 2 min lari məbləğində (1 250 AZN) cərimə tətbiq olunur.
XXX
18:59 24-10-2025
Tbilisinin Besiki küçəsi 24 ünvanında yerləşən Azərbaycanın görkəmli ədibi Cəlil Məmmədquluzadənin ev-muzeyinin yerləşdiyi binanın fasadındakı xatirə lövhəsi vandalizm hərəkətinə məruz qalıb.
"32gun.az" APA-ya istinadən xəbər verir ki, barelyefdəki kiril qrafikasında olan "Azərbaycanın" yazısının üzəri ağ markerlə cızılıb və yazı oxunmaz hala gətirilib.
Ev-muzeyinə ictimai nəzarət həyata keçirən Gürcüstanın Azərbaycanlı Ağsaqqallar Şurasının sədri İsaq Novruzov fakt barəsində məlumatlı olmadığını deyib.
Azərbaycanın Gürcüstandakı səfirliyindən bildirilib ki, məsələ nəzarətə götürülüb və barelyefdəki yazıya yetirilmiş zərərin aradan qaldırılması təmin olunacaq.
Qeyd edək ki, Cəlil Məmmədquluzadənin Tbilisidəki ev-muzeyi 1998-ci ilin oktyabrında açılıb. Son illərdə yerləşdiyi bina qəzalı olduğundan muzey fəaliyyət göstərmir. Ötən il Azərbaycan tərəfinin və Tbilisi meriyasının dəstəyi ilə tikilinin özül və əsas divarlarının bərkidilməsi işləri aparılıb. Muzeyə aid iki otaqda da divarbərkitmə işləri həyata keçirilib. Növbəti mərhələdə muzeyin bərpası nəzərdə tutulub.