SOSIAL

Global Media Group-a daxil olan media qurumları “Xabar” agentliyi ilə əməkdaşlıq memorandumu imzaladı

Global Media Group-a daxil olan Baku TV və Report İnformasiya Agentliyi Qazaxıstanın nüfuzlu media qurumlarından biri olan “Xabar” agentliyi ilə əməkdaşlıq memorandumu imzalayıb. Sənəd 18 noyabr 2025-ci il tarixində Astanada keçirilən mərasimdə rəsmiləşdirilib.

Memoranduma Baku TV-nin direktoru Ramin Cəfərov, Report İnformasiya Agentliyinin baş direktoru Fuad Hüseynəliyev və “Xabar” agentliyinin İdarə heyətinin sədri Kəməlbək Oyşıbayev imza atıblar.

Tədbirdə həmçinin Global Media Group-un İdarə heyətinin üzvü Orxan Məmmədov və Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Ağalar Atamoğlanov iştirak ediblər.

İmzalanan memorandum Azərbaycan və Qazaxıstan arasında media sahəsində əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə xidmət edir. Razılaşma tərəflər arasında informasiya mübadiləsinin gücləndirilməsini, birgə layihələrin həyata keçirilməsini, peşəkar təcrübə mübadiləsini və məzmun axınının genişləndirilməsini nəzərdə tutur.

Bu əməkdaşlıq innovativ media formatlarının inkişafına təkan verəcək və Global Media Group-un Mərkəzi Asiya regionu ilə əlaqələrini daha da möhkəmləndirəcək.

Global Media Group yeni tərəfdaşlığın hər iki ölkənin media sektoruna faydalı töhfələr verəcəyinə ümid etdiyini bildirib.

Oxşar Xəbərlər