Ordumuzun son günlər aldığı postlar: Onlar kimin ərazisində yerləşir?
"Cəbhə bölgəsində son baş verənlər əlbəttə ki, ermənilərin cəzasızlığından qaynaqlanır. Ermənilər cəzalandırılsaydı, bu tip hadisələr də baş verməzdi. Sonuncu insidentlə Rusiya bir daha sübut etdi ki, gərginliyin mərkəzində məhz onun hərəkət və hikkələri dayanır”.
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov ermənilərin gərginliyi artırmağa hesablanmış son addımlarını, terror hərəkətini şərh edərkən deyib. Onun sözlərinə görə, olay Rusiyadan qaynaqlanır:
"Bu olaylar rus sülhməramlılarının xeyir-duası ilə, Rusiyanın siyasi-hərbi rəhbərliyinin hikkəsindən doğub. Prosesin başında məhz Moskva dayanır. Norayr Mirzoyanın Şuşada Azərbaycan əsgərinə qarşı terror əməli törətməsinə, Azərbaycan Baş Prokurorluğu tərəfindən ona qarşı 4 maddə üzrə cinayət işinin qaldırılmasına rəğmən, rus sülhməramlılarının sonradan onu təmtəraqla geri qaytarması deməyə əsas verir ki, insident məhz şimaldan gələn sülhməramlılar tərəfindən planlaşdırılaraq, həyata keçirilib. Zərrə qədər də şübhə yoxdur ki, bu, Azərbaycan hərbçilərinə qarşı təşkil olunmuş terror aktı idi”.