TƏBİB-dən Biləsuvarda baş vermiş qəza ilə bağlı AÇIQLAMA — YENİLƏNİB ( FOTO )
“Biləsuvar rayonunda baş verən qəza ilə əlaqədar müxtəlif növ bədən xəsarətləri alan və Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən 13 nəfərə tibb müəssisəsinin müvafiq şöbələrində zəruri tibbi xidmətlər göstərilib”.
Bu barədə TƏBİB-dən Oxu.Az-a verilən məlumatda bildirilib.
Qeyd edilib ki, artıq 10 nəfər ambulator müalicə üçün evə buraxılıb:
“Hazırda iki nəfərin müalicəsinə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında, bir nəfərin müalicəsinə isə Şirvan Rayon Mərkəzi Xəstəxanasında davam edilir. Hər birinin vəziyyəti stabildir”.
Qeyd edək ki, qəza nəticəsində iki nəfər hadisə yerində dünyasını dəyişib.
12:35
Biləsuvar rayonunda “BMW” markalı minik avtomobili ilə “Mercedes” markalı mikroavtobusun toqquşması nəticəsində ölən şəxslərin kimliyi məlum olub.
32gun.az xəbər verir ki, qəza nəticəsində “BMW” markalı minik avtomobilinin sürücüsü, 1968-ci il təvəllüdlü Sumqayıt şəhər sakini, Fətullayev Şahin Möhbü oğlu və sərnişini, 1961-ci il təvəllüdlü Bakı şəhər sakini, Mərdanov Bəymirzə Yəhya oğlu ölüb.
***11:18
Biləsuvar rayonunda “BMW” markalı minik avtomobili ilə “Mercedes” markalı mikroavtobusun toqquşması nəticəsində iki nəfər ölüb, 10-dan çox şəxs yaralanıb.
“Report”un Muğan bürosunun məlumatına görə, yaralı şəxslər xəstəxanaya aparılıblar.
Hazırda onlara tibbi yardım göstərilir.
Faktla bağlı araşdırma aparılır.
***09:50
Biləsuvar rayonunda “BMW” markalı minik avtomobili və “Mercedes” markalı mikroavtobus toqquşub.
Bu barədə 32gun.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Biləsuvar rayonunun Xırmandalı kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin ən yaxın xilasetmə qüvvələri - Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri köməyə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “BMW” markalı minik avtomobili və “Mercedes” markalı mikroavtobus toqquşub, 2 nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində zədələnmiş avtomobildən 1 nəfər sağ, digər 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.