Namiqdən Vüqara cavab: "Bu qədər yalan olmaz"
Meyxanaçı Namiq Qaraçuxurlu həmkarı Vüqar Əbdülovun onunla bağlı iddialarına cavab verib.
32gun.az xəbər verir ki, sənətçi bu haqda "Özəl" layihəsində danışıb. O bildirib ki, Xalq artisti Aygün Kazımova, Əməkdar artist Könül Kərimova ilə oxuduğu duetlərdə də meyxana var:
"Vüqarın səsləndirdiyi fikirlər kökündən yanlışdır. Ola bilər ki, diqqət ayırmayıb. Könül xanımla duetdə mənim ifam sırf meyxanadır. Hətta Aygün Kazımova ilə duetimdə də oxuduğum meyxanadır. Elə şey var ki, mən yaşaya-yaşaya, görə-görə tarixi dəyişirlər. Meyxana aləminə gələndə qarşıma məqsəd qoymuşam ki, meyxanaya xidmət edim. Gedin, mənim o dövrdə çıxartdığım albomlara baxın. Birinci albomu mən çıxardırdım, arxamca isə Aqşın və Elşən.
Onlar demək olar ki, sırf mahnı oxuyurdular. Mənim albomlarımda isə doqquzu sırf meyxana, biri isə mahnı olub. Daha sonrakı illərdə meyxanadan uzaqlaşıb, keçmişəm sırf mahnıya. Aygün Kazımova ilə üçüncü duetdə bir az mahnıya keçdim. Vüqarın ifadələri yanlışdır".
Qaraçuxurlu bildirib ki, artıq meyxanadan uzaqlaşıb:
"Təəssüf, yanlışdır. Vüqar deyir ki, Nizami Rəmzi "Bu siçan" yazıb, Ağasəlim Çıldaq isə cavab verib “Bu pişik, qara pişik”. Güya sonra Vüqar yazıb “Ata, sən özün cavan olmamısan”, sonra isə mən cavab olaraq yazmışam “Papanın gül balası”. Bu qədər yalan olmaz axı. "Papanın gül balası”nı oxuyanda Vüqar arxamca onu təkrarlayıb. “Papanın gül balası” nəinki meyxanaçılara yeni mövzu verdi, hətta o mövzuda mahnılar belə təqdim olundu. Abbas Bağırov belə “Balamın bal balası” mahnısını oxudu. Bu mövzunu dəbə mən gətirmişəm. Məndən sonra Vüqar “Ata, sən özün cavan olmamısan”. Hər zaman deyirəm ki, adam nəyisə unuda bilər və ya qəsdən nəsə deyə bilər. Adamın gərək çevrəsində insanlar olsun ki, doğrunu desin".
Qeyd edək ki, Vüqar Namiqlə bağlı "O zamanlar Namiq Qaraçuxurlu bizdən qabağa düşdü. Yazı və meyxana etibarı ilə çalışdım, ortalığa meyxana çıxardım. Əgər mahnı olsaydı... Namiq ikinci addımında artıq Könül Kərimova ilə mahnı oxudu. Amma mən çalışdım ki, o meyxana qalsın" sözlərini deyib.