Son günlərdə Ermənistanın Naxçıvan istiqamətində müxtəlif təxribatlar törətməsi diqqətlərin bu bölgəyə yönəlməsinə səbəb olub.
Təxribatların niyə məhz bu istiqamətdə baş verməsi səbəbləri ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin mətbuat katibi, siyasi şərhçi Əziz Əlibəyli 32gun.az-a danışıb.

Onun sözlərinə görə bölgədə vəziyyətin gərginləşməsində Qərbin də müəyyən rolu və məqsədləri var:
"Naxçıvan tərəfindən atəşkəsin pozulması Ermənistanın planıdır. Arazadəyən bölgəsində ABŞ-ın metallurgiya zavodunu tikməsi iddiası və ideyası üzərindən bir az da prosesləri genişləndirirlər. Hətta bu istiqamət üzrə ikinci bir yol da açmış oldular ki, Azərbaycan tərəfi guya bu mədənlərdə tikintidə çalışan hindistanlı fəhlələrə atəş açıb. Bu hadisələri isə Naxçıvan ərazisindən baxdıqda Zəngəzur dəhlizinə həmlə kimi qəbul etmək lazımdır.
Biz burada Hindistanın, Ermənistanın, həmçinin Qərbin müəyyən güclərinin xüsusilə Amerikanın bölgəyə gəlişini görürüksə artıq bilməliyik ki, daha qlobal güclərin hesablaşması prosesinə start verilir. Burada elə hesab olunur ki, Rusiyanın da əli var. Fransanın isə Rusiyanın məğlub olmasında xüsusi istəyi var. Bu proseslərdə 3 mərhələ diqqəti çəkir: birinci mərhələdə Ermənistanı müharibəyə cəlb etmək, ikinci mərhələdə ona Fransız silahları vermək, üçüncüsü isə Azərbaycanın məğlubiyyətinə nail olmaqla həm də dolayısı ilə hədəflədikləri Qafqazda Rusiyanın da güc itirməsinə nail olmaq niyyəti daşıyır.
Qarabağda Kəlbəcər, Laçının "Dığ" kəndi, cənub tərəfdən Zəngilanın "Ağbənd" qəsəbəsi kimi Naxçıvan istiqaməti də strateji nöqtədir. Naxçıvan istiqamətində təxribatların törədilməsində digər səbəblər isə Şuşa bəyannaməsi, həmçinin Azərbaycanın anklavlar məsələsi- Kərki kəndi məsələsinin gündəmə gəlməsidir".
Aysel Şirinova