Polşa və Baltikyanı ölkələr Belarus prezidenti Aleksandr Lukaşenkonu "Vaqner" rus muzdluları qrupunu ölkəsindən çıxarmağa çağırıb.
32gun.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə ölkələr gərginliyin artmasına cavab olaraq sərhədin bağlanması planı barədə razılığa gəlib.
Belə ki, Polşa, Latviya, Litva və Estoniyanın daxili işlər nazirləri görüşdən sonra birgə bəyanatla çıxış ediblər. Bildirilib ki, 2021-ci ilin ortalarından etibarən Rusiyanın dəstəklədiyi Belarus rejiminin davam etdirdiyi qeyri-qanuni miqrasiya səbəbindən dörd ölkə görünməmiş təzyiqlərlə üzləşib:
"Vurğulayırıq ki, Rusiya və Belarusun onunla əməkdaşlıq etdiyi hərəkətləri regionda vəziyyətin sabitliyini pozmaq üçün məqsədyönlü cəhdlər kimi qiymətləndiririk. Bütün qətiyyətimizlə bəyan edirik ki, buna birlikdə qarşı çıxacağıq. Sərhəd keçidlərini bağlamaqla iki rejimi daha da təcrid etmək imkanı yaranana qədər cavabımız ümumi, sadiq və mövcud vəziyyətə uyğun olacaq. Buna görə də biz Belarus rejimini Vaqner qrupunu öz ölkələrindən qovmağa, bütün qeyri-qanuni mühacirləri sərhəd bölgələrindən çıxarmağa və öz mənşə ölkələrinə qaytarmağa çağırırıq”, - deyə Bəyanatda qeyd olunub.
Bəyanatı Polşanın daxili işlər naziri Mariuş Kaminski, Litvanın daxili işlər naziri Aqne Bilotaite, Latviyanın daxili işlər naziri Maris Kuçinskis və Estoniyanın daxili işlər naziri Lauri Laanemets imzalayıb.
Aysel Şirinova