SOSIAL

Restorana barışıq adı ilə çağırıldı və həbs olundu - Onunla kabinetdə olan keçmiş məmur kimdir?

Ötən ilin dekabrın 9-da tutulan Elman Quliyevin həyat yoldaşı Aynur Quliyeva mətbuat vasitəsi ilə hüquq-mühafizə orqanları rəhbərlərinə müraciət edib.

32gun.az xəbər verir ki, Femida.az-a müraciət edən Aynur Quliyeva iddia edir ki, onun həyat yoldaşı Elman Quliyev aralarında əmlak mübahisəsi olan və işləri məkəməyə qədər gedib çıxan qohumu Rəfael Rəhmanov tərəfindən şərlənərək həbs olunub.

Xanımın sözlərinə görə,Rəfael Rəhmanovla onun həyat yoldaşı Elman Quliyevin ortaq biznes layihələri olub. Bir müddətdən sonra tərəflər arasında iş prosesində mübahisələr olduğu üçün münasibətləri pozulub. Məhkəmələr qarşı tərəfin xeyrinə qərar çıxardıqdan sona əlaqələri tamamilə kəsilib.

Aynur Quliyeva iddia edir ki,onun həyat yoldaşını susdurmaq və qorxutmaq üçün keçmiş məmur Rəhmanov Rafael Əli Ağa oğlu və dostu, Xəzər Rayon Polis İdarəsinin təhqiqatçısı Yusifov David Habil oğlu birgə plan quraraq onu həbs etdiriblər.

“Rəfael Rəhmanov və David Yusifov həyat yoldaşım Elman Quliyevi tutdurmaq məqsədi ilə onu aldadaraq Bakı şəhərində yerləşən “Qədim Qəbələ” restoranına dəvət edib və onun cibinə pul qoyaraq əvvəlcədən polisə məlumat verərək onu tutudurublar. Guya həyat yoldaşım Elman Quliyev Rəhmanov Rafael Əli Ağa oğluna sahib olduğu külli-miqdarda dəyərə malik çoxsaylı daşınmaz əmlakların siyahısı və şəxsi həyatı ilə bağlı topladığı özünə məlum olan rüsvayedici məlumatları müxtəlif xəbər portallarına və kütləvi informasiya vasitələrinə ötürməklə qısa müddət ərzində sosial şəbəkələrdə yayma hədəsi ilə ondan 100.000 manat nağd pul verməsini hədə-qorxu ilə tələb edib. Həyat yoldaşım Elman Quliyev şərlənərək həbs edildikdən sonra Bakı Baş Polis İdarəsində onun barəsində Azərbaycan Respublikası CM-nin 182.3.2-ci maddəsi ilə cinayət işi açılaraq barəsində 4 ay müddətinə həbs qətiimkan tədbiri seçilib.
Bu həbs tamamilə qurmadır.Çünki Xəzər Rayon Polis İdarəsinin təhqiqatçısı David Yusifov dəfələrlə həyat yoldaşımı qarşı tərəflə barışıq adı və dəymiş ziyanın ödənilməsi adı ilə çay içməyə çağırıb. David Yusifov deyir ki,onları barışdıracaq və dəymiş ziyan kimi alınacaq kompensassiyadan ona da pul çatacaq. bütün bunları sübut edən səs yazıları bizdə var. Hamısı istintaqa təqdim olunub.”

Aynur Quliyev iddia edib ki, adı çəkilən restoranda həyat yoldaşı saxlanılan zaman ona fiziki güc tətbiq olunub.Bu zaman Rafael onun döyülməsinə baxaraq həzz alıb.

“Yoldaşımla görüşüm zamanı mənə bildirdi ki,restoranda 9 nəfər polis əməkdaşı ona zor tətbiq edib. Daha sonra onu kameraya çəkiblər ki, etmədiyi cinayəti boynuna alsın. Bu zaman yoldaşımı ailəsi və uşaqları ilə təhdid ediblər.Yoldaşım vəziyyətin pis olduğunu gördükdən sonra etmədiyi cinayəti boynuna götürüb.Onu “Qədim Qəbələ” restoranında döyən zaman halı pisləşib.”
Aynur Quliyevanın sözlərinə görə Rəfael Rəhmanovla onun həyat yoldaşı keçmiş qohum olub və aralarında olan əmlak mübahisəsinə görə münasibətləri tamamilə pozulub.

“Həyat yoldaşım Elman Quliyev Rafaeldən ona dəymiş zianla bağlı kompensasiya istəyib və ona heç bir hədə-qorxu gəlməyib. Rafael isə Elmana kompensasiya verməmək üçün onun başına bu oyunu gətirib.Həmçinin Rəfael Elmanın bacısının keçmiş əri olub.Rafel Rəhmanov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin keçmiş rəisi Aydın Bəşirovun birinci müavini olub.”
Aynur Quliyev bildirib ki, yoldaşı ilə qarşı tərəfin arasında guya barışıq yaratmaq istəyən şəxs Xəzər Rayon Polis İdarəsinin təhqiqtaçısı David Yusifov olub.
“David Yusifovun bizdə xeyli sayda səs yazısı var.O,yoldaşıma bildirib ki,qarşı tərəflə onun arasında barışıq yaradacaq və ona kompensassiya verilməsinə kömək edəcək.Sən demə onlar barışıq adı altında yoldaşıma tələ qurubmuş. ”

Aynur Quliyeva həmçinin bildirib ki,hazırda həyatı və uşaqları təhlükədədir. Bununla bağlı hüquq-mühafizə orqanlarına rəsmi müraciət edib.

"Yoldaşımı şərləyərək həb etdirən keçmiş məmur Rafael Rəhmanov bizi övladlarımızla,həyatımızla təhdid edir. Azyaşlı uşaqlarımı məktəbə qorxa-qorxa aparıram.Təhükəsizliyimizlə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişəm."

Femida.az məsələdə adı hallanan təhqiqatçı David Yusifovla əlaqə saxlasa da,o bu haqda heç bir açıqlama verməyib.

Femida.az yazıda adı hallanan qarşı tərəf Rafael Rəhmanovla da əlaqə saxlayıb.Rafael Rəhmanov bildirib ki,ortada konkret cinayət işi var və buna görə də hüquq mühafizə orqanları tərəfindən əməliyyat keçirilib.O,əlavə açıqlama vermək istəmədiyini bildirib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin yaydığı rəsmi açıqlamada bildirilir ki, Yasamal Rayon Polis İdarəsinə paytaxt sakini R.Rəhmanovdan hədə-qorxu yolu ilə 100 000 ABŞ dolları tələb edilməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb.

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində R.Rəhmanovdan hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən qohumu E.Quliyev Nəsimi rayonu ərazisindəki restoranların birində ondan 10 000 ABŞ dollarını alarkən saxlanılıb.

Hazırda araşdırma davam edir.

Oxşar Xəbərlər