ABŞ hökuməti xarici ölkələrə maliyyə yardımını dayandırmaqla artıq 1 milyard dollardan çox vəsaitin xərclənməsinin qarşısını alıb.
32gun.az bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında qeyd edilib.
Sənəddə qeyd olunur ki, yeni administrasiyanın "Amerika hər şeydən əvvəl" siyasətinə uyğun gəlməyən məqsədlərə ayrılmalı olan vəsaitlərin qarşısı artıq ilkin mərhələdə alınıb. Dövlət Departamenti xarici yardımların yenidən nəzərdən keçirilməsinin müsbət nəticələr verdiyini bildirib.
"Son illərdə Ukraynaya göstərilən səxavətli dəstəyi nəzərə almasaq belə, ABŞ hər il xarici ölkələrə təxminən 70 milyard dollar yardım ayırır", – deyə bəyanatda vurğulanır.
Bəyanatda, həmçinin, amerikalıların hökumətin xərclədiyi hər bir dolların, xüsusilə xaricdə istifadə edilən vəsaitin şəffaf və hesabatlı olmasını tələb etməyə haqqı olduğu qeyd olunur.
Yanvarın 25-də ABŞ dövlət katibi Marko Rubio əksər xarici maliyyə yardımı proqramlarının dayandırılması barədə göstəriş verib. Daha əvvəl Donald Tramp prezidentliyinin ilk günündə oxşar fərman imzalamışdı. Qərbin KİV-lərinə görə, hər iki sənəd elə tərtib olunub ki, geniş interpretasiya imkanları yaradır.
Ayxan