DÜNYA ÖZ XƏBƏR

Almaniyanın Rusiya qazı alması səhv deyildi - Merkel

Almaniyanın keçmiş kansleri Angela Merkel Krımın Rusiyaya birləşməsindən sonra da Rusiyadan qaz almaq qərarının səhv olmadığını bildirib.

32gun.az bildirir ki, o, bu fikri Zeit nəşrinə müsahibəsində səsləndirib.

“Bir neçə il ucuz qaz almaq səhv deyildi”, – deyə Merkel qeyd edib.

O, daha sonra Rusiyayla enerji əlaqələrinin kəsilməsini düzgün addım kimi qiymətləndirib. Keçmiş kanslerin sözlərinə görə, münaqişədən əvvəl Ukrayna Avropanın Rusiya qazı almasına qarşı deyildi, sadəcə, qazın öz ərazisindən tranzit olunmasını istəyirdi.

Merkel əlavə edib ki, əgər həmin vaxt qaz alışının dayandırılmasını təklif etsəydi, Ukrayna tranzit haqqından məhrum ola bilərdi və bu da onun kəskin tənqid olunmasına səbəb olardı.

Keçmiş kansler vurğulayıb ki, dünya siyasətindəki vəziyyəti nəzərə alaraq Avropa ölkələri birliyini qoruyub saxlamalıdır və o, 16 illik kanslerlik dövründə buna çalışıb.

Xatırladaq ki, yanvarda Rusiya XİN rəhbəri Sergey Lavrov Almaniyanın Ukrayna böhranının sülh yolu ilə həlli prosesinə təsir etdiyini, lakin Minsk razılaşmalarını yerinə yetirmədiyini bildirib. Lavrovun sözlərinə görə, Berlin və Paris bu razılaşmaların zəmanətçisi olduqlarını bəyan etsələr də, sonradan Merkel Minsk müqavilələrinin sadəcə vaxt qazanmaq üçün imzalandığını etiraf edib.

Ayxan 

Oxşar Xəbərlər