Sam Altman: “OpenAI-nin idarəedici qurumu satışda deyil”
OpenAI-nin baş direktoru Sam Altman, Elon Maskın idarəedici qeyri-kommersiya qurumunu almaq təklifinə münasibət bildirərək, bu qurumun satışda olmadığını açıqlayıb.
Parisdə süni intellekt sammitinin kənar tədbirində Reuters-ə danışan Altman, “Bununla bağlı heç nə deyə bilmərəm. Bu, absurddur”, – deyə bildirib.
Maskın rəhbərlik etdiyi konsorsium bazar ertəsi OpenAI-nin idarəedici qeyri-kommersiya qurumunu almaq üçün 97,4 milyard dollar təklif etdiyini açıqlamışdı. Bu addım Maskın OpenAI-nin kommersiya qurumuna çevrilməsinin qarşısını almaq cəhdlərindən biri kimi qiymətləndirilir.
Lakin çərşənbə axşamı günortaya qədər tərəflər təklifin mövcud olub-olmaması və ya OpenAI-yə çatıb-çatmadığı ilə bağlı razılığa gələ bilməyiblər.
Maskın vəkili Mark Toberoff Reuters-ə bildirib ki, təklif bazar ertəsi OpenAI-nin xarici hüquq şirkəti Wachtell, Lipton, Rosen & Katz-a e-poçt vasitəsilə göndərilib. OpenAI idarə heyətinə yaxın mənbə isə bildirib ki, hələ rəsmi təklif almayıblar.
Altman isə bu təklifin ciddiyə alınmadığını vurğulayıb: “Şirkət satışda deyil. Bu, onun (Maskın) bizə mane olmaq üçün istifadə etdiyi taktikalardan biridir”, – deyə o əlavə edib.
Bazar ertəsi OpenAI əməkdaşlarına göndərdiyi daxili mesajda Altman bildirib ki, idarə heyəti təklifi rəsmi olaraq nəzərdən keçirməsə də, OpenAI-nin missiyasını nəzərə alaraq rədd etməyi planlaşdırır.
Qeyd edək ki, Elon Mask 2015-ci ildə Altman ilə birlikdə OpenAI-ni qeyri-kommersiya təşkilatı kimi təsis edib, lakin şirkət uğur qazanmamışdan əvvəl oradan ayrılıb. O, 2023-cü ildə rəqib süni intellekt şirkəti xAI-ni yaradıb.
OpenAI kommersiya qurumuna çevrilmək istəyir və bunun inkişaf üçün tələb olunan kapitalı cəlb etmək baxımından vacib olduğunu bildirir.
Nilay