Polşada ifrat sağçı siyasətçi həkimə hücum etdi
Polşanın ifrat sağçı siyasətçisi və prezidentliyə namizəd Qjeqoj Braun tərəfdarları ilə birlikdə ginekologiya şöbəsinə basqın edib. O qanuni abort edən həkimə hücum çəkib.
32gun.az bildirir ki, bu barədə "Gazeta.pl" nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, ifrat sağçı siyasətçi Braun abort qanunvericiliyinin yumşaldılmasının qəti əleyhdarıdır.
"Qjeqoj Braun Aşağı Sileziya voyevodalığının Olesnitsa şəhərindəki xəstəxanaya basqın edib. O, qanuni abort edən həkimə hücum edib və onu bir saatdan çox girov saxlayıb", - nəşr yazır.
Braun tərəfdarları ilə birlikdə həkimi "vətəndaş həbsi"nə aldıqlarını elan edərək, onu kabinetində bloklayıblar. Həkim siyasətçi və onun komandası tərəfindən hədələndiyini və fiziki zorakılığa məruz qaldığını bildirib.
Bir saat sonra polis xəstəxanaya gəlib və həkim kabineti tərk edə bilib. Hüquq-mühafizə orqanları Braunla bağlı heç bir tədbir görməyib.
"Gazeta.pl"ın məlumatına görə, hücum xəstəxanada bu yaxınlarda 36-cı həftədə qanuni abortun aparılması ilə əlaqədar törədilib. Dölün həyatla uyğun gəlməyən patologiyaları olduğu üçün əməliyyat aparılmalı olub, lakin hamilə qadın uzun müddət bununla bağlı arayış ala bilməyib.
Ölkənin Daxili İşlər Nazirliyi qəzetin yazdığına görə, Braun qrupunun hərəkətlərinin hazırda cinayət tərkibinin olub-olmaması baxımından təhlil edildiyini bildirib.
"Həkimləri təhdid edən və xəstəxananın işinə mane olan hər kəs hərəkətlərinin ağır nəticələri ilə üzləşəcək", - ölkənin Daxili İşlər Naziri Tomaş Semyonyak "X" sosial şəbəkəsində yazıb.
Polşada abortlar 1993-cü ildən qadın zorlanma nəticəsində hamilə qaldıqda və ya onun həyatına təhlükə yarandıqda istisna olmaqla qadağan edilib. Eyni zamanda, 2020-ci ildə ölkənin Konstitusiya Məhkəməsi dölün patologiyası səbəbindən hamiləliyin dayandırılması imkanını qeyri-konstitusion adlandırıb.
Ayxan