ABŞ prezidenti Donald Tramp administrasiyası Rusiya ilə Ukrayna arasında sülh sazişinə Trampın ikinci prezidentlik müddətinin ilk 100 günü ərzində nail olmağa çalışır.
32gun.az bildirir ki, bu barədə 23 aprel tarixində CNN Avropa rəsmisinə istinadla məlumat yayıb.
Məlumata görə, bu bəyanat ABŞ dövlət katibi Marko Rubionun Londonda keçirilən və münaqişənin həllinə yönəlmiş əsas görüşü buraxdığı vaxt səsləndirilib.
"İndiki mərhələdə çox dəyişiklik baş verir, amma bir şey aydındır: ABŞ bu sazişin 100 gün ərzində bağlanmasında israrlıdır," – deyə mənbə bildirib.
Trampın prezidentliyinin ilk 100 günü çərşənbə axşamı başa çatır. ABŞ-ın sülh təklifi Krımın Rusiya nəzarətində qalmasının tanınmasını da əhatə edir. Bu isə Ukrayna prezidenti Volodimir Zelenski tərəfindən “hüquqi cəhətdən mümkün deyil” kimi qiymətləndirilib.
Zelenskinin açıqlamasından sonra Donald Tramp tənqidi məktubla ona cavab verib və Ukrayna liderini danışıqlara mane olmaqda ittiham edib.
Ağ Evdən bildirilib ki, Zelenski Ukrayna üzrə sülh danışıqlarında "səhv istiqamətdə" irəliləyir və ABŞ onun "meqafon diplomatiyası" yolu ilə danışıqlar aparmasından narazıdır.
“Yaxşı razılaşma üçün hər iki tərəf bir qədər narazı qalmalıdır. Təəssüf ki, prezident Zelenski bu danışıqları mətbuat vasitəsilə aparmağa çalışır və bu, prezident üçün qəbuledilməzdir. Danışıqlar qapalı şəkildə aparılmalıdır. Prezidentin milli təhlükəsizlik komandası və müşavirləri bu müharibəyə son qoymaq üçün böyük vaxt, enerji və səylər sərf ediblər. ABŞ vergi ödəyiciləri bu səylər üçün milyardlarla dollar ayırıblar. Bəsdir. Prezident narazıdır. Səbir kasası dolmaq üzrədir,” – deyə Ağ Evin mətbuat katibi Kərroylan Livitt bildirib.
Ağ Evin nümayəndəsi həmçinin, Trampın guya Zelenskiyə sülh təklifini "günün sonunadək" qəbul etməsi üçün ultimatum verdiyi və əks halda ABŞ-ın danışıqlardan çəkiləcəyi barədə yayılan məlumatları təkzib edib.
Bundan əlavə, Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiyaya – prezident Vladimir Putinlə yeni görüşə yollanıb. Axios nəşri görüşün 25 aprel, cümə günü baş tutacağını yazıb.
Ayxan