DÜNYA ÖZ XƏBƏR

Yandırılmış Herkulanum papiruslarında gizlənən mətnlər tezliklə açıla bilər

27 mart tarixində İtaliyanın Neapol şəhərindəki Vittorio Emanuele III Milli Kitabxanasına məxsus 18 qədim papirus Londonun Luton hava limanına xüsusi təyyarə ilə gətirildi. Onlar, əşyalarla dolu çamadanlar əvəzinə, Oksford yaxınlığındakı Diamond Light Source hissəcik sürətləndiricisinə aparılıb. 

32gun.az xəbər verir ki, alimlər burada güclü rentgen şüaları vasitəsilə papirusların içindəki mətnləri oxumağa çalışıblar.

Bu missiya, eramızın 79-cu ilində Vezuvi vulkanının püskürməsi nəticəsində yanan və torpağın altında qalan məşhur Herkulanum papiruslarını deşifrə etmək üçün genişləndirilmiş beynəlxalq layihənin bir hissəsidir. Keçən il bu papiruslardan birindəki mətni süni intellekt vasitəsilə oxumaq mümkün olmuşdu və bu, tarixi bir addım hesab edilir. ABŞ-ın Kentukki Universitetindən kompüter alimi Brent Seales 20 illik işindən sonra bu mərhələyə gəlib çatmağı “xəyal kimi” adlandırır.

İlk nəticələr göstərir ki, yeni taranmış papiruslardan ən azı beşində görünən mürəkkəb izləri aşkar olunub. Bu isə onların əvvəlcə düşünüldüyündən daha asan oxuna biləcəyinə işarədir. Eyni zamanda, Oksford Universitetinin Bodli kitabxanasında saxlanılan bir papirusdan da rekord həcmdə məlumat əldə olunub. Gələn ay Fransada onlarla papirusun daha taranması planlaşdırılır.

Qazılmış xəzinə

18-ci əsrdə Neapol yaxınlığındakı Herkulanda tapılmış 1800-dən çox karbonlaşmış papirusdan yalnız bir neçə yüzü salamat qalıb. Alimlərin fikrincə, bu sənədlər bəşəriyyət üçün əvəzolunmaz tarixi dəyərə malikdir və tanınmış yunan və roma müəlliflərinə məxsus əvvəllər məlum olmayan mətnləri əhatə edə bilər. Neapol Universitetindən papürolog Federika Nikolardi son tarama prosesində papiruslara nəzarət edən mütəxəssislərdən biri olub.

Bu səfər həm də 2023-cü ildə Brent Seales və Silikon Vadisi sahibkarı Nat Fridman tərəfindən başladılan Vesuvius Challenge adlı yarışın bir hissəsidir. Yarış süni intellekt və hesablama tomoqrafiyası (CT) vasitəsilə papirusların oxunmasına töhfə verənləri mükafatlandırır. Keçən il bu müsabiqənin qalib komandası 700 min dollar qazanaraq musiqi və zövq haqqında yunan fəlsəfi mətnini oxumağa nail olmuşdu – müəllifi ehtimal ki, filosof Filodem olub.

Miqyas genişlənir

İndiyədək yalnız 5 papirus yüksək dəqiqliklə taranmışdı. Bu mərhələdə 18 yeni papirus seçilərək formalarına və bütövlüklərinə görə taramaya cəlb edilib. Bəziləri yastılanmış, digərləri isə spiralvari sıxılmış şəkildədir və bu, süni intellektin müxtəlif təhrifləri necə analiz etdiyini yoxlamağa imkan verir.

Papiruslar 3D modellənmiş və onlara uyğun çap olunmuş xüsusi qoruyucu qutularda taranıb. Diamond mərkəzində 53 keV gücündə rentgen şüaları ilə 8 mikrometr dəqiqliyində skan aparılıb. Hər papirus onlarca hissədə taranır, sonra bu hissələr birləşdirilərək tam məlumat bazası əldə olunur. Sonrakı mərhələdə bu spiralvari papiruslar virtual olaraq düzəldilir və mətnlər oxunur.

Əvvəllər bu düzləndirmə prosesləri əllə aylarla aparılırdı. İndi isə neyron əlaqələrini izləmək üçün yaradılmış görüntü texnologiyaları papirusun liflərini tapmağa kömək edir. Bu da səthləri müəyyənləşdirməyi asanlaşdırır. Layihə rəhbərləri deyir ki, “həftəlik nəticələr getdikcə daha da yaxşılaşır.”

Bu tarixi sənədlərin tam oxunması, insanlığın qədim dövrlərə dair biliklərini yenidən yazmağa imkan verə bilər.

Ayxan 

Oxşar Xəbərlər