Anapalı bloqer Yuri Ozarovski Krım sahillərində mazut izləri ilə bağlı paylaşdığı, lakin sonradan silinən postlar səbəbindən cərimə olunub.
32gun.az bildirir kiB, bu barədə o, Telegram kanalında məlumat verib.
Yaxın günlərdə Ozarovski Krıma səfər edərək Aluşta şəhərindəki çimərlikdə kamera ilə çəkiliş aparıb. O, sahildə daşlara yapışmış mazut qalıqlarını lentə alıb. Lakin bir müddət sonra bu kadrlar Ozarovskinin kanalından silinib və bloqer polis şöbəsinə çağırılıb.
"Xiyabanda gəzərkən daşların üzərindəki mazut izlərini çəkdim. Mən, mazut təmizləyən və onun necə göründüyünü bilən biri kimi, bu daşların təmizlənməsini istədim. Buna görə barəmdə inzibati protokol tərtib olundu", — deyə Ozarovski sosial şəbəkələrində bildirib.
Nəticədə bloqer "kütləvi informasiya azadlığından sui-istifadə" maddəsi ilə 15 min rubl məbləğində cərimə olunub. Ozarovski məhkəmə qərarını şikayət etmək niyyətindədir və cəriməni ödəmək üçün vəsait toplayır.
Qeyd edək ki, ötən ay da Ozarovski Anapa çimərliklərindən təmiz qum daşınmasını tənqid edən və qeyri-etik ifadələr işlədilən videosuna görə 30 min rubl cərimə olunmuşdu.
Bu arada Aluşta şəhərinin rəhbəri Qalina Oqneva bloqerin göstərdiyi mazut izlərinin əslində çimərlikdə yerləşən xilasetmə məntəqəsinin təmirində istifadə olunan dam örtüyü mastikası olduğunu bildirib. O vurğulayıb ki, bütün mastika izləri təmizlənib və bu ləkələrin Kerç boğazındakı mazut sızması ilə əlaqəsi yoxdur.
Digər tərəfdən, operativ qərargah keçən həftə Anapa sahillərində üç ərazidə yeni mazut qalıqları aşkar olunduğunu açıqlayıb.
Bundan əvvəl isə Anapa və Temryuk rayonlarında bu il çimərlik mövsümünün dənizə giriş və çimmə məhdudiyyətləri ilə keçiriləcəyi elan edilmişdi. Rospotrebnadzor rəhbəri Anna Popova bildirib ki, hazırda Krasnodar diyarında 150 çimərlik istirahət üçün yararsızdır, lakin mazut tullantıları ilə bağlı vəziyyət düzələcəyi təqdirdə qərara yenidən baxıla bilər.
Ayxan