SOSIAL

"Dildə, Fikirdə, Əməldə Birlik: Türk Dünyasının Gələcəyi" Paneli

Türkiyə Respublikası Prezidentliyinin Kommunikasiya İdarəsi tərəfindən, başda Türk Dövlətləri Təşkilatına üzv ölkələr olmaqla, bütün Türk dünyasında ortaq fikir, ortaq ideal, ortaq gələcək və ortaq fəaliyyət (əməldə birlik) şüurunun müzakirə ediləcəyi panel proqramı təşkil olunacaq. Sözügedən tədbirin 3 May Türkçülük Günü münasibətilə Bakıda, Heydər Əliyev Mədəniyyət Mərkəzində keçirilməsi planlaşdırılır.

Bu əlamətdar tarixdən qaynaqlanaraq, Türk dünyasının ortaq kimliyinin formalaşdırılması yolunda Türk maarifçisi İsmayıl Qaspıralının vurğuladığı “Dildə, fikirdə, əməldə birlik” şüarı tədbirin başlığı kimi seçilmişdir. Panelin, 1926-cı ildə bütün Türk icmalarının iştirakı ilə keçirilən ilk Türkologiya Qurultayının məhz Bakıda baş tutduğu məkanda təşkili isə xüsusi rəmzi məna daşıyır.

Tədbirdə Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələr – Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətindən nümayəndələrin iştirak etməsi nəzərdə tutulur.

Panel öncəsində vətəndaş cəmiyyəti institutlarının və media nümayəndələrinin iştirakı ilə iki ayrıca dəyirmi masa müzakirəsi keçiriləcək.

Bundan əlavə, tədbir çərçivəsində Azərbaycanın dünya səhnələrində təmsil olunan ən gənc qadın orkestr dirijoru, pianoçu Turan Mənafzadənin konsert proqramı da nəzərdə tutulur.

Oxşar Xəbərlər