ABŞ-la davam edən ticarət danışıqları çərçivəsində Hindistan polad, avtomobil hissələri və əczaçılıq məhsullarına qarşılıqlı olaraq gömrük rüsumlarının sıfırlanmasını təklif edib.
32gun.az bildirir ki, bu barədə Bloomberg məlumatlı mənbələrə istinadən xəbər yayıb.
Məlumata görə, Hindistanın təklifi müəyyən idxal həddinin müəyyənləşdirilməsini də nəzərdə tutur. Bu limit aşılarsa, standart gömrük rüsumları tətbiq olunacaq. Hindistan nümayəndə heyəti aprelin sonunda Vaşinqtona səfəri zamanı bu təşəbbüsü irəli sürərək, payızda planlaşdırılan ikitərəfli ticarət sazişinin imzalanması prosesini sürətləndirməyə çalışıb.
Bundan əlavə, Hindistan ABŞ məhsullarının öz bazarına ixracını məhdudlaşdıran qeyri-tarif baryerləri kimi qiymətləndirilən məhsul keyfiyyəti standartlarını da yenidən nəzərdən keçirməyə hazır olduğunu bildirib.
Qeyd olunur ki, ABŞ Hindistanın əsas ticarət tərəfdaşlarından biridir. İki ölkə arasında danışıqlar prezident Donald Trampın Hindistandan idxal olunan mallara, o cümlədən 26 faiz gömrük rüsumu tətbiq etməsindən əvvəl başlamışdı.
Xatırladaq ki, aprelin 2-də Tramp 185 ölkəyə qarşı gömrük rüsumları tətbiq etdiyini elan etmiş və ABŞ-ın “yaxın və uzaq, dost və düşmən ölkələr tərəfindən talandığını və istismar edildiyini” bildirmişdi.
Ayxan