İspaniyada 42 yaşlı Pablo Qonzales restoranda qazlı su içdikdən sonra mədə və qida borusunda ciddi yanıq xəsarətləri alıb.
32gun.az bildirir ki, hadisə barədə Oddity Central xəbər yayıb.
Hadisə kişi dostları ilə birlikdə restoranda nahar edərkən baş verib. Onun sözlərinə görə, qazlı su qabı möhürlü və tam normal görünüb. Lakin ilk qurtumdan sonra ağzında kəskin yanma hissi baş verib. Stakana baxdıqda mayenin sarımtıl rəng aldığını görüb. O, dərhal ağzını yumağa çalışsa da, ağrılar daha da şiddətlənib və təcili yardım çağırılıb.
Povisa xəstəxanasında aparılan müayinələr zamanı məlum olub ki, Qonzalesin qida borusu və mədəsi daxildən yanaraq qaralmış vəziyyətdədir. O, üç həftə ərzində nə yemək, nə də su qəbul edə bilməyib. Həkimlər onun hələ də tam sağalıb-sağalmayacağından əmin deyillər.
Polis müşahidə kameralarını araşdırıb və qazlı su şüşəsini ekspertizaya göndərib. Hazırda hadisənin qəsdən törədildiyini təsdiqləyən sübut tapılmayıb. Əsas ehtimal odur ki, suya və ya stakana təsadüfən kimyəvi – ehtimal ki, təmizləyici – maddə qarışıb. Restoran sahibi isə məsuliyyəti inkar edir.
Nilay