Almaniya Konstitusiyanın Mühafizəsi İdarəsi AfD-ni ictimai şəkildə ifrat sağçı adlandırmağı dayandırır
Almaniyanın Federal Konstitusiyanın Mühafizəsi İdarəsi (BfV) müvəqqəti olaraq Almaniya üçün Alternativ (AfD) partiyasını “təsdiqlənmiş ifrat sağçı təşkilat” kimi ictimai şəkildə təqdim etməyi dayandıracaq.
32gun.az bildirir ki, bu barədə Bild qəzeti məlumat yayıb.
Köln İnzibati Məhkəməsinin qərarına uyğun olaraq, BfV AfD-nin statusuna dair hər hansı ictimai açıqlamalardan çəkinəcəyini öhdəsinə götürüb. AfD-ni ekstremist təşkilat kimi xarakterizə edən press-reliz idarənin saytından silinib və məhkəmə prosesi başa çatana qədər ictimaiyyətə təqdim olunmayacaq.
BfV bu addımı “taktiki gediş” adlandırıb və bununla məhkəmə qərarına təsir göstərməkdən yayınmaq istədiklərini bildirib. “Davama görə və məhkəməyə hörmət əlaməti olaraq BfV ictimai şərhlərdən çəkinəcək”, – deyə qurumdan bildirilib. Əlavə məlumat yalnız məhkəmə hökmündən sonra veriləcək.
Məhkəmə, BfV-nin hazırladığı 1108 səhifəlik hesabatın AfD-ni tam şəkildə ifrat sağçı təşkilat kimi tanımaq üçün yetərli sübutlar ehtiva edib-etmədiyini müəyyənləşdirməlidir.
Qeyd edək ki, 2 mayda BfV AfD-ni ifrat sağçı kimi tanımışdı. İdarə partiya üzvlərinin azlıqlara, o cümlədən müsəlman miqrantlara qarşı ayrı-seçkilik etdiyini bildirmişdi. AfD isə bu qərarı “siyasi manevr” adlandıraraq konstitusiya mühafizə xidmətinin ləğvini tələb etmişdi. Partiya 5 mayda bu qərarın ləğvi üçün məhkəməyə müraciət edib.
Nilay