DÜNYA ÖZ XƏBƏR

Beş amil beynin sürətli qocalmasına səbəb olur

Şanxay Universitetinin alimləri aşkar ediblər ki, zərərli vərdişləri və maddələr mübadiləsi ilə bağlı pozuntuları – məsələn, yüksək təzyiq və qanda şəkərin çoxluğu olan insanlarda beyin daha sürətlə qocalır.

32gun.az bildirir ki, tədqiqatın nəticələri Research adlı elmi jurnalda dərc olunub.

Tədqiqat çərçivəsində alimlər 16 il ərzində Kayluan şəhərinin sakinlərindən ibarət klinik qrupun müşahidə nəticələrindən istifadə ediblər. Maqnit-rezonans tomoqrafiyası (MRT) vasitəsilə alimlər beynin yaşı göstəricisini – onun köhnəlmə və struktur dəyişikliklərini əks etdirən parametri qiymətləndiriblər. Bu dəyişikliklər arasında toxuma atrofiyası, ağ maddənin strukturunun pozulması və patoloji siqnallar yer alır.

Araşdırma zamanı MRT nəticələri həyat tərzi və sağlamlıq vəziyyəti kimi müxtəlif risk faktorları ilə müqayisə olunub. Məlum olub ki, beyin yaşlanması ilə ən sıx əlaqəli olan amillər yüksək qan təzyiqi, şəkərin artması, qanda kreatininin çoxluğu (hiperkreatininemiya), siqaret çəkmə və aşağı təhsil səviyyəsidir.

Risk faktorlarının sayı artdıqca, iştirakçıların beyninin bioloji yaşı ilə faktiki yaşı arasındakı fərq də böyüyüb. Xüsusilə 4–5 zərərli faktor olan şəxslərdə bu fərq maksimum səviyyədə olub. Bu da zərərli vərdişlərin və maddələr mübadiləsi pozuntularının degenerativ prosesləri sürətləndirdiyini göstərir.

Əlavə analizlər göstərib ki, beynin yaşlanmasına ən böyük təsiri hipertoniya göstərir. Yüksək təzyiqi olan şəxslərdə MRT-də beyində qocalma əlamətləri daha aydın müşahidə olunub. Alimlərin fikrincə, bu nəticələr ürək-damar və maddələr mübadiləsi xəstəliklərinin erkən profilaktikasının beyin yaşlanmasını yavaşlatmaqda mühüm rol oynadığını sübut edir.

Nilay 

Oxşar Xəbərlər