Google ABŞ-da süni intellektin enerji tələbatını qarşılamaq üçün üç atom elektrik stansiyası inşa edəcək
Texnologiya nəhəngi Google, atom enerjisi sahəsində ixtisaslaşan Elementl Power şirkəti ilə əməkdaşlıq sazişi imzalayıb. Bu tərəfdaşlığın məqsədi – ABŞ ərazisində üç atom elektrik stansiyasının inşasıdır. Layihə artmaqda olan enerji tələbatını, xüsusilə süni intellektin inkişafı ilə bağlı ehtiyacları ödəməyə yönəlib.
32gun.az bildirir ki, bu barədə Tech Xplore nəşri məlumat yayıb.
Razılaşma çərçivəsində Google ilkin maliyyə dəstəyi göstərəcək. Planlaşdırılan hər bir stansiyanın gücü azı 600 meqavat olacaq ki, bu da iri ənənəvi elektrik stansiyalarının gücünə bərabərdir. Bu addım, Beynəlxalq Enerji Agentliyinin (IEA) yaxın illərdə məlumat mərkəzlərinin enerji istehlakında kəskin artım olacağı ilə bağlı proqnozları fonunda atılıb. Belə təşəbbüslər dayanıqlı və genişlənə bilən enerji təminatı üçün həlledici sayılır.
Google-un bəyanatına görə, Elementl Power ilə tərəfdaşlıq şirkətin enerji infrastrukturunu gücləndirmə strategiyasının bir hissəsidir. Məqsəd – İT xidmətləri və sürətlə böyüyən süni intellekt platformalarının fasiləsiz və etibarlı enerji ilə təminatını təmin etməkdir.
Növbəti mərhələdə yeni stansiyaların yerləşəcəyi ərazilər enerji tərəfdaşları və tənzimləyici qurumlarla birlikdə müəyyən ediləcək. Google-un bu təşəbbüsü, Microsoft və Amazon kimi digər texnologiya nəhənglərinin də enerji tutumlu məlumat mərkəzləri üçün stabil və az karbonlu enerji mənbəyi olaraq atom enerjisinə maraq göstərməsi tendensiyasını davam etdirir.
Ayxan