ABŞ-ın Vaşinqton Universiteti və Milli Təbii Təbabət Universitetinin alimləri müəyyən ediblər ki, müəyyən bitki mənşəli qidaların müntəzəm qəbulu insanın epigenetik yaşını – yəni hüceyrə səviyyəsindəki yaşlanma göstəricisini – azalda bilər.
32gun.az xəbər verir ki, bu barədə Aging elmi jurnalında dərc olunan araşdırmada bildirilir.
Tədqiqatda 50–72 yaş arasında olan kişilər iştirak edib və onlar səkkiz həftəlik sağlam həyat tərzi proqramına cəlb olunublar. Mütəxəssislər Horvatın epigenetik saatları vasitəsilə müəyyən ediblər ki, metiladaptogenlərlə zəngin qidaları (zərdəçal, rozmarin, sarımsaq, giləmeyvə, yaşıl çay və ulun çayı) daha çox qəbul edən şəxslərdə bioloji yaşda əhəmiyyətli azalma müşahidə olunub.
Metiladaptogenlər — DNT-nin metilləşməsinə təsir edən təbii birləşmələrdir. Bu proses genlərin aktivliyini tənzimləyir və sağlam yaşlanmaya müsbət təsir göstərir. Yeni tədqiqat bu təsiri epigenetik səviyyədə sübut edib. Məsələn, ulun çayı və giləmeyvə sevərlərin bioloji yaşı orta hesabla 1,21 il daha az olub.
Alimlər bildirirlər ki, bu nəticələr hər nə qədər kiçik və yalnız orta yaşlı kişilər üzərində aparılmış olsa da, Aralıq dənizi və Yapon diyetləri haqqında məlum olan faydaları təsdiqləyir.
Məqalədə qeyd olunur ki, bitki mənşəli polifenollarla zəngin qidalanma — uzunömürlülüyü dəstəkləmək üçün sadə və effektiv strategiyadır.
Ayxan