Bahəddin Həzinin “Göyün cazibə qüvvəsi” kitabının təqdimatı olub - FOTOLAR
Əməkdar jurnalist, yazıçı-publisist Bahəddin Həzinin "Göyün cazibə qüvvəsi" kitabının təqdimat mərasimi baş tutub.
32gun.ax.Az xəbər verir ki, Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında baş tutan tədbirdə millət vəkilləri, jurnalistlər, yazıçılar, ictimaiyyət münayəndələri və oxucular iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və vətən uğrunda canından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Professor Qulu Məhərrəmli tədbiri açıq elan edib. O, bildirib ki, köhnə nəslin gəliş-gediş yeri olan elmi kitabxanada dəyərli bir kitabın təqdimatı keçirilir: "Kitab bizim ruhumuzun qidasıdır. Yaxşı kitab böyük bir abidədir".
"Göyün cazibə qüvvəsi" kitabının ön söz müəllifi yazıçı Seyran Səxavət çıxışı zamanı qeyd edib ki, kitab bizim and yerimizdir.
“Bu qədər adamın bu gün burada iştirakı kitaba verilən dəyərin bariz nümunəsidir. "Göyün cazibə qüvvəsi"ndə yazılan cümlələr, sözlər çox böyük yükə sahibdir. Bahəddin Həzi sözdən ən mükəmməl şəkildə istifadə etməyi bacarır”.
Yazıçı bildirib ki, o, hətta müəllifə “irad” da tutub: “Müəllifə bildirmişəm ki, orada esse var və gərək əvvəlində epikraf yazardın ki, “əsəbi zəif adamların oxuması məsləhət deyil.” Əsərin dili ağırdır. "Göyün cazibə qüvvəsi" kitabı nadir kitablardandır. Bir müğənni çıxır, deyirlər, karifeydir, dahidir, jurnalist məqalə yazır, rəssam rəsm əsəri çəkir, deyirlər, dahidir. Bu hesabla 10 milyon dahimiz mövcuddur. Qonşudan kimsə deməsə “filankəs böyük adamdır” inanmırıq, kompleksimiz var. Millət özü özünü tormozlayır. Biz özümüzü sevirik, bir gün ayılırıq ki, sevənimiz yoxdur. Danışmaq lazım olan yerdə susuruq”.
Tədbirdə çıxış edən millət vəkili Qüdrət Həsənquliyev isə bildirib ki, Bahəddin Həzi insanları düşünməyə vadar edən bir jurnalistdir: "Onun yazdığı hər sözün arxasında dərin bir məna var. Əminəm ki, bu kitab da gələcək nəslin formalaşmasında böyük rol oynayacaq".
Millət vəkili Vüqar İskəndərov isə öz növbəsində vurğulayıb ki, Bahəddin Həzinin yazılarını uzun müddətdir oxuyur.
Sabiq deputat Etibar Əliyev də çıxış edərək bildirib ki, belə izdihamlı kitab təqdimatı görməyib.
"Kitab oxumaq mədəniyyətdir. Bahəddin Həzinin ilk kitabı ilə bu kitabın ərsəyə gəlməsi arasında vaxt qısadır. Lakin bu iki kitabı müqayisədə görürəm ki, bu kitabda Bahəddin Həzi daha da müdrikləşib. Bu, təkmilləşmə əlamətidir. Müəllif ölməyib, oxucu ölüb. Oxucunu diriltmək lazımdır. Bugünkü tədbir də yaddaşımızdan silinməyəcək. Həmişə deyirəm, kitab köməyimiz olsun", - deyə o vurğulayıb.
Tədirdə çıxış edən hüquqşünas Aslan İsmayılov xüsusilə qeyd edib ki, Bahəddin Həzi Azərbaycan jurnlistikasında çox nadir abırlı insanlardandır: “25 ildə çox adam fikrini dəyişib. Amma Bahəddin müəllim əvvəldən elə fikirdə, düşüncədə olub ki, obyektivliyini qoruyub”.
Sonda Bahəddin Həzi çıxış edərək ürək sözlərini tədbir iştirakçılarına çatdırıb:
"Mən istəyirəm ki, siz kitabla mənim sözlərim vasitəsilə tanış olmayasınız, özünüz oxuyaraq tanış olasınız. Biz həyatımızı iki kitab arasında yaşayırıq, Əlifba və Quran. Bu iki kitab arasında biz müxtəlif kitablar oxuyuruq. Mən ümid edirəm ki, mənim bu kitabım sizin həyatınızda Əlifba və Quran kitabları arasına girə biləcək".
Sonda müəllif oxucular üçün kitab imzalayıb.
Qeyd edək ki, kitabın redaktorları Orxan Musa və Mübariz Piridir. "Göyün cazibə qüvvəsi" Bahəddin Həzinin sayca ikinci kitabıdır. Bundan əvvəl müəllifin "Ölümcül həqiqətlər" kitabı çap olunub və maraqla qarşılanıb.