Ukrayna suverenlik məsələsində güzəştə getməyəcək – Dmitro Kuleba
Kiyev öz suverenliyi ilə bağlı danışıqlarda heç bir güzəştə getməyəcək, çünki ölkəyə məğlubiyyət təhlükəsi yoxdur.
32gun.az bildirir ki, Ukraynanın sabiq xarici işlər naziri Dmitro Kuleba Foreign Affairs jurnalında dərc olunan məqaləsində bildirib.
“Kiyevin əlində daha güclü kartlar ola bilər, lakin ölkə bu qədər ümidsiz vəziyyətdə deyil ki, təslim olsun. Ukrayna Avropanın onu qoruyacağına ümid edir”, – deyə o vurğulayıb.
Kuleba həmçinin qeyd edib ki, Ukraynanın hava hücumundan müdafiə sistemi hələ də fəaliyyət göstərir və Avropa ölkələri Kiyevə yeni hərbi yardımlar ayırır, eyni zamanda müdafiə sənayesinə sərmayələri artırır.
“Avropada sülh dövrü başa çatmış kimi görünür. Ukraynadakı müharibə çox güman ki, davam edəcək”, – deyə o əlavə edib.
Digər tərəfdən, Ukraynanın xarici işlər naziri Andrey Sibiga türkiyəli həmkarı Hakan Fidanla Kiyevdə keçirdiyi mətbuat konfransında bildirib ki, Ukrayna yalnız Rusiya tərəfindən təqdim olunacaq sülh təkliflərinin əks olunduğu sənədi gördükdən sonra nümayəndə heyətini Stambula danışıqlara göndərə bilər.
Reuters agentliyinin məlumatına görə, Sibiga Ukrayna nümayəndə heyətinin Stambulda keçiriləcək görüşdə iştirak edib-etməyəcəyini təsdiqləməyib.
Moskva ikinci raund Rusiya–Ukrayna sülh danışıqlarının 2 iyun tarixində Stambulda keçirilməsini təklif edib. Lakin Kiyev Kremlin atəşkəslə bağlı şərtlərinin əks olunduğu memorandum təqdim edilməyincə bu təklifi qəbul etməyəcəyini bildirib. Danışıqların baş tutub-tutmayacağı hələ də açıq qalır və əsas problem məhz bu məsələdə cəmlənib.
Ayxan