Kanadanın Toronto Universitetinin alimləri aşağı kalorili pəhriz saxlayan insanların depressiya simptomlarına daha çox məruz qaldığını müəyyən ediblər.
32gun.az xəbər verir ki, bu nəticələr BMJ Nutrition Prevention & Health jurnalında dərc olunub.
Tədqiqat ABŞ-da keçirilmiş Milli Sağlamlıq və Qidalanma Araşdırmasının məlumatları əsasında aparılıb. 28 min yetkin iştirakçı arasında aparılan təhlillər göstərib ki, ciddi kalori məhdudiyyəti olan pəhrizlərə riayət edənlərdə psixoemosional pozuntulara daha çox rast gəlinir. Xüsusilə kişilər və artıq çəkili insanlar risk altındadır.
Alimlərin qeyd etdiyinə görə, sərt pəhrizlər emosional vəziyyətdə pozulma, neqativ düşüncələr kimi kognitiv-affektik əlamətləri gücləndirir. Həmçinin, yağ və ya karbohidrat kimi bəzi qida maddələrinin azaldılması narahatlıq, gərginlik və təşviş kimi somatik simptomlarla müşayiət olunur.
Tədqiqat müəllifləri bildiriblər ki, bu nəticələr daha əvvəlki araşdırmalarla ziddiyyət təşkil edir. Əvvəlki nəticələr əsasən balanslı və mütəxəssis nəzarəti altında planlaşdırılmış pəhrizlərə əsaslanırdı. Reallıqda isə arıqlamağa çalışan insanlar tez-tez vacib qida maddələrinin çatışmazlığı ilə üzləşirlər ki, bu da onların psixoloji vəziyyətinə mənfi təsir göstərə bilər.
Ayaz