Koka-Kola Zero kimi şəkərsiz qazlı içkilərin istehlakı infarkt və insult riskini artırır.
32gun.az xəbər verir ki, bu barədə "Gazeta.Ru"ya Piroqov Universitetinin daxili xəstəliklərin propedevtikası kafedrasının dosenti, tibb elmləri doktoru Elvira Xaçirova məlumat verib.
Həkimin sözlərinə görə, bu içkilərin tərkibində şəkər əvəzinə istifadə olunan eritrit adlı maddə var. Aşağı kalorili bu şəkərəvəzləyici trombositlərin aktivliyini artırır, nəticədə qan damarlarında tromb (laxtalanma) əmələ gəlməsi riski yüksəlir.
“Eritritin məkrli tərəfi ondadır ki, o, qan damarlarında tromboz üçün əlverişli şərait yaradır. Bu səbəbdən şəxsi risklər nəzərə alınmalı və hətta az şəkərli içkilər belə həddindən artıq istifadə edilməməlidir,” – deyə Elvira Xaçirova bildirib.
Həkim həmçinin ürək-damar sisteminə mənfi təsir göstərən digər içkiləri də qeyd edib:
- Alkoqollu içkilər: Qan təzyiqini yüksəldir, ürək əzələsinə toksik təsir göstərir, ürək-damar xəstəliklərinin riskini artırır.
- Enerji içkiləri: Yüksək dozalarda kofein və digər stimullaşdırıcılar səbəbilə ürək döyüntüsünü sürətləndirir, təzyiqi artırır, bu da ürəyə zərər verir.
- Həddindən artıq qəhvə istehlakı, xüsusilə kofeinə qarşı həssas insanlarda damar sistemi üçün təhlükəlidir.
Xaçirova tövsiyə edir ki, insanlar daha çox adi su, qazsız içkilər, şəkərsiz çay, təbii meyvə və tərəvəz şirələri içsinlər.
“Səhhətə zərər vurmamaq üçün içkiləri ağıllı seçmək və ölçünü bilmək vacibdir,” – deyə o, fikrini yekunlaşdırıb.
Ayaz