"Seranit Azərbaycan"ın təşkilatçılığı ilə maraqlı bir mediatur gerçəkləşdi. Bakı Heydər Əliyev adına Hava Limanından yola düşən mətbuat nümayəndələri İstanbul Hava Limanında şirkətin Türkiyədəki ofisinin iki gülərüz əməkdaşı tərəfindən qarşılandı.
İlk dayanacağımız səhər yeməyi oldu. İlk gündə əsas məqsəd yorğunluğu atmaq və İstanbulun ab-havasına köklənmək idi.

Asiya və Avropa sahillərinin qovuşduğu möhtəşəm mənzərənin ortasında yerləşən məkanda bizi "Seranit Azərbaycan"ın rəhbəri Ufuk Polat qarşıladı. İstanbulu yüksəkdən seyr edərək “Mükellef Kahvaltı” – bol süfrəli türk səhər yeməyindən dad aldıq.
Ardınca qısa şəhər turuna çıxdıq. Səfərimiz həm ziyarət, həm də “ticarət” – yəni iş xarakteri daşıyırdı.
Daha sonra media nümayəndələri üçün ayrılmış otelə keçdik. Çünki uzun yolun yorğunluğu qarşıdakı proqramın dadını çıxarmağımıza mane ola bilərdi.

Axşam bizi “Seranit”in əməkdaşları Türkiyənin məşhur aşpazlarından, “MasterChef”in aparıcılarından Somer Sivrioğlunun məkanına apardılar. Burada türk mətbəxinin ən seçmə təamlarını dadaraq, əsl İstanbul qonaqpərvərliyini hiss etdik. Ufuk Polat sözün əsl mənasında qardaş ölkə vətəndaşlarını İstanbul “Bəy Əfəndisi” kimi qarşıladı.
Şəhər gəzintimiz axşam saatlarında davam etdi. Şirkət əməkdaşları – Aleyna və Zeynəb adlı iki pozitiv gənc xanım – yorulmadan suallarımızı cavablandırır, özümüzü evimizdəki kimi hiss etməyimiz üçün əllərindən gələni edirdilər.

Günün sonunda Ulus Parkdan İstanbulun işıqlar içində möhtəşəm mənzərəsini izlədik.

Dalğalanan Türk Bayrağı isə sanki şəhərə xüsusi bir güc və əzəmət qatırdı.
Reportajın növbəti hissəsində oxucularımıza "Seranit Group"un Bilecikdəki fabrikindən geniş məlumat təqdim edəcəyik.
Aygün İlqarqızı /32gun.az xəbər portalının baş redaktoru