Sankt-Peterburqda miqrantların kuryerlik sahəsində işləməsi qadağan edilib. Müvafiq qərarı şəhərin qubernatoru Aleksandr Beqlov imzalayıb.
32gun.az xəbər verir ki, bu barədə məlumatı şəhər hökuməti Telegram kanalında yayıb.
Sənəddə qeyd olunur ki, qadağa bütün növ kuryer fəaliyyəti, o cümlədən nəqliyyatdan istifadə etməklə çatdırılma xidmətlərinə şamil olunur.
Bildirilib ki, qərar kölgə məşğulluğu ilə mübarizə aparmaq, kuryer xidmətlərinin keyfiyyətini və təhlükəsizliyini artırmaq, həmçinin Rusiya vətəndaşları üçün yeni iş yerləri yaratmaq məqsədi daşıyır.
Hökumət nümayəndələrinin sözlərinə görə, kuryer işləri məktəblilər və tələbələr üçün maraqlı ola bilər. Onlar əlavə ediblər ki, əcnəbilərin şəhərdəki ümumi kuryer sayında payı az olduğundan, yenilik çatdırılma bazarının sabitliyinə təsir göstərməyəcək.
Sənədin qüvvəyə minməsi üçün sektora üç ay adaptasiya müddəti verilib.
Qeyd edək ki, bundan əvvəl Voloqda vilayətində də miqrantların tikinti sahəsində işləməsinə qadağa qoyulmuşdu. Bu, 17 fevral 2025-ci il tarixli qərara edilmiş dəyişikliklə təsbit olunub.
Ayaz