ABŞ Prezidenti Donald Trampın administrasiyasının mətbuat katibi Kerolayn Levit bildirib ki, Tramp gələcəkdə Rusiya lideri Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski ilə birgə sammit keçirmək niyyətindədir.
32gun.az xəbər verir ki, bu barədə Ağ Evin “YouTube” kanalında yayımlanan brifinqdə məlumat verilib.
Onun sözlərinə görə, Tramp ümid edir ki, üç liderin iştirakı ilə keçiriləcək görüş Ukrayna münaqişəsinə son qoymağa imkan verəcək.
Qeyd edək ki, 15 avqustda Putin və Tramp Alyaskada görüşəcək. Görüşün əsas mövzusu Ukraynada sülh məsələsi olacaq. Qərb mediasının iddialarına görə, müzakirə ediləcək təkliflərə ərazilərin dəyişdirilməsi və Kiyevin NATO-ya üzvlükdən imtinası da daxil ola bilər. Sammitin Ankoric şəhərində keçirilməsi planlaşdırılır.
Bunun fonunda Fransa, İtaliya, Böyük Britaniya, Finlandiya, Almaniya, Polşa liderləri və Avropa Komissiyasının rəhbəri birgə bəyanat yayıb. Sənəddə Avropa ölkələrinin Ukraynaya hərbi və iqtisadi yardım göstərməyə, eləcə də diplomatik dəstəyi davam etdirməyə hazır olduqları bildirilib. Qeyd olunub ki, münaqişəyə yalnız “aktiv diplomatiya, Ukraynaya dəstək və Rusiyaya təzyiqin birləşməsi” yolu ilə son qoymaq mümkündür.
Ayaz