"Seranit" Azərbaycan mediasına istehsal gücünü və vizyonunu təqdim etdi
Türkiyənin ilk texniki porselen seramik markası olan "Seranit", Azərbaycan mediasını xüsusi proqram çərçivəsində qonaq edərək istehsal gücünü, ixrac vizyonunu və Azərbaycandakı sosial layihələrini təqdim edib. Şirkət bu təşəbbüslə iki ölkə arasında həm sektoral, həm də mədəni əlaqələri möhkəmləndirməyi hədəfləyir.
6–9 avqust 2025-ci il tarixlərində keçirilən səfərdə Azərbaycanın aparıcı media qurumlarından Yeni Azərbaycan Qəzeti, Bizimyol.info, Yeni Müsavat Qəzeti, oxu.az, 32gun.az və teleqraf.az-ın təmsilçiləri İstanbul və Bilecikdə olublar. Ziyarət zamanı markanın istehsal imkanları, ixrac hədəfləri və Azərbaycandakı fəaliyyəti ətraflı şəkildə tanıdılıb.
Proqram çərçivəsində Bilecikdə yerləşən istehsal müəssisələri ziyarət olunub, Seranit-in Ar-Ge gücü, yüksək texnologiyaya əsaslanan istehsal infrastrukturu və yenilikçi məhsulları yerində izlənilib. İstanbulda təşkil olunan xüsusi mədəniyyət proqramı ilə isə qonaqlara Türkiyənin tarixi və memarlıq irsi təqdim edilib.
Səfərin diqqətçəkən məqamlarından biri Seranit şirkətinin İdarə Heyətinin üzvü və baş direktoru Fatih Kıvanç ilə keçirilən görüş olub. O, həm Türkiyədə, həm də Azərbaycanda həyata keçirdikləri investisiyalar və sosial layihələr barədə danışaraq qeyd edib:

“Azərbaycan bizim üçün yalnız ixrac bazarı deyil, eyni zamanda birgə inkişafı hədəflədiyimiz strateji qardaş ölkədir. 2023-cü ilin sonunda təsis etdiyimiz Seranit Azərbaycan MMC, Bakıda 4 min kvadratmetr sahəsi olan mağazası və logistika infrastrukturu ilə həm memarlara, həm də istehlakçılara keyfiyyətli xidmət göstərir. İndiyədək 100-ə yaxın memar və memarlıq tələbəsinə təlim keçmişik, ustalara texniki hazırlıq proqramları təşkil etmişik. 750 nəfərlik memarlıq panelimizlə sektor daxilində bilik paylaşımını artırırıq. Mədəniyyət turları və akademik əməkdaşlıqlarla da Türkiyə–Azərbaycan münasibətlərinə sosial töhfə veririk.”
Fatih Kıvanç, həmçinin Azərbaycanın aparıcı tikinti şirkətləri – Kristal Abşeron, PMD, GM Construction və Uniko ilə qurulan əməkdaşlığın əhəmiyyətini vurğulayıb, Qarabağın yenidən qurulmasında Seranit məhsullarının istifadə edilməsindən məmnunluq duyduqlarını bildirib.
Səfər boyu "Seranit"in keramika sektorundakı lider mövqeyi, dayanıqlılıq yanaşması, innovativ məhsulları və qlobal vizyonu barədə geniş təqdimatlar keçirilib. Şirkət, Azərbaycanda həm pərakəndə, həm də layihə əsaslı güclü inkişaf tempini qoruyaraq, gələcəkdə də sosial və peşəkar sahələrdə töhfələrini davam etdirməyi planlaşdırır.