ABŞ-ın Şimali Karolina ştatının Lenuar şəhər sakini Debbi İndikott “Coca-Cola”ya aid dünyanın ən böyük kolleksiyasına sahib olaraq Ginnesin Rekordlar Kitabına düşüb.
32gun.az bildirir ki, UPI-nin məlumatına görə, onun kolleksiyasında hazırda 5 min 623 unikal eksponat var.
İndikott ilk dəfə bu rekordu 2020-ci ildə 2 min 28 tematik əşya ilə qazanıb. 2023-cü ildə kolleksiyadakı nümunələrin sayı 5 min 70-ə çatıb. Lakin həmin ilin sonunda rekord “Coca-Cola”ya aid 5 min 237 eksponat toplayan Cefri S. Fuke kiçiyə keçib. İndi isə Debbi yenidən birinciliyi ələ alıb.
Kolleksiyaçı bildirib ki, bu həvəsi əvvəlcə ailədə narazılıq yaradıb. Səbəb isə ərinin atasının uzun illər “Pepsi” şirkətində çalışması və evdə “Coca-Cola”ya aid əşyaların xoş qarşılanmaması olub. Ancaq zamanla ailə üzvləri onun hobbisini qəbul edib və bəyənməyə başlayıblar.
Debbi İndikottun sözlərinə görə, bu maraq sadəcə qırmızı rəng sevgisindən yaranıb: “Antikvar mağazalarında hər qırmızı əşya diqqətimi çəkir. Düşünürəm ki, “Coca-Cola”ya sevgim də belə başladı”.
Ayaz