Stavropol diyarında körpəsini sakitləşdirmək üçün ona spirtli içki verən qadın məhkəmə qarşısına çıxarılıb. Bu barədə yerli məhkəmənin mətbuat xidmətinə istinadən məlumat yayılıb.
32gun.az xəbər verir ki, istintaqın məlumatına görə, hadisə cari ilin aprelində baş verib. Körpənin dişləri çıxmağa başlayanda uşaq ağlayıb, ana isə onu sakitləşdirmək üçün pivə içirib.
Nəticədə körpənin orqanizmi spirtli içkiyə tab gətirməyib. Sonuncu dəfə pivə içdikdən sonra onun vəziyyəti kəskin pisləşib və həyatını xilas etmək mümkün olmayıb. Ekspertiza zamanı uşağın alkoqoldan kəskin zəhərlənməsi, həmçinin qaraciyər, böyrək və mədəaltı vəzi hüceyrələrinin atrofiyası aşkar olunub.
Ana barəsində cinayət işi açılıb. Məhkəmə prosesində o, günahını etiraf edib və peşman olduğunu bildirib. Qeyd olunur ki, qadın özü hüquq-mühafizə orqanlarına müraciət edib və istintaqa kömək göstərib.
Məhkəmə bütün halları nəzərə alaraq ona 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verib. Həmçinin bu müddətdə qadına yaşayış yerini dəyişmək qadağan olunub.
Ayaz