DÜNYA ÖZ XƏBƏR

Alimlər: Pivə sevənlər ağcaqanadlar üçün 35% daha cəlbedici olur

Niderland alimləri müəyyən ediblər ki, pivə sevənlər ağcaqanadlar üçün 35% daha cəlbedici olur.

32gun.az xəbər verir ki, araşdırmanın nəticələri bioRxiv platformasında dərc olunub.

Təcrübə qeyri-adi şəraitdə — Lowlands musiqi festivalında aparılıb. Radbaud Universitetinin alimləri burada mobil laboratoriya quraşdırıblar. Təxminən 500 könüllü araşdırmaya qatılıb. İştirakçılar əvvəlcə qidalanma, gigiyena və həyat tərzi ilə bağlı anket doldurublar, daha sonra əllərini içində ağcaqanadların olduğu şəffaf kameraya yerləşdiriblər. Həşəratlar insanları dişləyə bilməsələr də, dəridən gələn qoxuya reaksiyaları müşahidə olunub.

Nəticələr göstərib ki, pivə içənlər ağcaqanadlar üçün daha cəlbedici olur. Bundan əlavə, bir gün əvvəl partnyorla yatağı paylaşanlara da həşəratlar daha çox maraq göstərib. Əksinə, yaxın vaxtda duş qəbul etmək və günəşdən qoruyucu krem istifadə etmək riskin azalmasına səbəb olub.

Alimlərin sözlərinə görə, ağcaqanadlar yalnız karbon qazı və istiliyə deyil, həm də insan dərisinin vərdişlərə bağlı dəyişən kimyəvi siqnallarına yönəlirlər. Bu isə bəzilərinin “ağcaqanad maqnitinə” çevrilməsini izah edir.

Tədqiqatçılar vurğulayıblar ki, ağcaqanadlar malyariya və Denqe qızdırması kimi təhlükəli infeksiyaların daşıyıcılarıdır. Buna görə də sadə tədbirlər — müntəzəm duş, günəşdən qoruyucu krem və spirtli içkilərdən ölçülü istifadə — sağlamlıq üçün əlavə qoruma ola bilər.

Oxşar Xəbərlər