Migren ağrılarına qarşı mübarizə - Gündəlik vərdişlər, idmanın rolu və mütəxəssis tövsiyələri
Miqren yalnız adi baş ağrısı deyil, insanın həyat keyfiyyətini ciddi şəkildə aşağı sala bilən nevroloji bir problemdir. Xüsusən də kompüter qarşısında uzun müddət işləyənlərdə bu vəziyyət daha tez-tez müşahidə olunur. Son illər aparılan araşdırmalar göstərir ki, sağlam həyat tərzi və düzgün vərdişlər miqren tutmalarının qarşısını almaqda mühüm rol oynayır.
32gun.az bununla bağlı araşdırma edib.

Miqrenin gündəlik həyatla əlaqəsi
Uzunmüddətli monitor qarşısında oturmaq, yuxu rejiminin pozulması, stress və qeyri-düzgün qidalanma miqrenin əsas səbəbləri arasında göstərilir. Araşdırmalara görə, kompüter qarşısında fasiləsiz işləyənlərdə göz yorğunluğu və boyun əzələlərinin gərginliyi miqren tutmalarını daha da artırır.

İdmanın faydası varmı?
Mütəxəssislərin fikrincə, müntəzəm fiziki fəaliyyət miqrenin qarşısını almaqda effektiv üsullardan biridir. Yüngül qaçış, yoga, üzgüçülük və pilates kimi idman növləri qan dövranını yaxşılaşdırır, stressi azaldır və sinir sistemini balansda saxlayır. Lakin ağır idman növləri və qəfil intensiv hərəkətlər bəzi insanlarda miqreni tetik edə bilər. Buna görə də həkim məsləhəti ilə, bədənə uyğun şəkildə idman etmək tövsiyə olunur.
Kompüter qarşısında işləyənlər nə etməlidir?
Fasilələr vermək: Hər 40-50 dəqiqədən bir qalxıb hərəkət etmək, boyun və çiyin əzələlərini rahatlaşdırmaq vacibdir.
Gözlərə istirahət: Monitor qarşısında “20-20-20 qaydası” – hər 20 dəqiqədən bir 20 saniyə ərzində 20 fut (təxminən 6 metr) uzaqlığa baxmaq.
İşıqlandırma: İş otağında düzgün işıqlandırma, çox parlaq və ya titrəyən ekranlardan uzaq durmaq tövsiyə olunur.
Qidalanma: Kofein, şokolad və çox duzlu yeməklər bəzi insanlarda miqreni artırır, buna görə gündəlik menyuda sağlam qidalanma vacibdir.
Nevroloq Dr. Aysel Qasımova 32gun.az-a danışarkən miqrenin müasir həyat tərzində getdikcə daha çox rastlanıldığını bildirir və xüsusilə kompüter qarşısında çalışan insanların risk altında olduğunu vurğulayır:
"Miqren xəstələri çox vaxt bunu sadə baş ağrısı ilə qarışdırırlar. Amma əslində miqren beyindəki damarların daralıb-genişlənməsi, serotonin balansının pozulması və sinir sisteminin həssaslaşması ilə bağlıdır. Ona görə də bu problemi yüngül saymaq olmaz. Xüsusilə ofis işçilərində uzunmüddətli oturaq həyat tərzi, gözlərin yorulması, boyun əzələlərinin gərginliyi miqren tutmalarını tezləşdirir."
Mütəxəssis qeyd edir ki, dərman müalicəsi yalnız bir istiqamətdir, əsas həll isə həyat tərzində edilən dəyişikliklərlə bağlıdır:
"Miqreni olan insanlara biz ilk növbədə yuxu rejimini sabitləşdirməyi məsləhət görürük. Çünki gecə yuxusunun azlığı və ya çoxluğu tutmaları artırır. Gündəlik su qəbulu, sağlam qidalanma və stresin idarə olunması çox vacibdir. Qəhvə, şokolad, qazlı içkilər, çox yağlı yeməklər bəzən miqreni tetik edir, bu səbəbdən xəstələr özündə hansı qidaların təsir etdiyini müşahidə etməlidir."

İdmanın miqrenlə mübarizədə xüsusi yeri olduğunu vurğulayan həkim əlavə edir:
"Müntəzəm yüngül fiziki fəaliyyət beyində endorfinlərin ifrazını artırır, stress hormonlarını isə azaldır. Bu da miqren tutmalarının qarşısını alır. Amma idmana başlayarkən çox ağır məşqlər etmək olmaz. Qaçış, sürətli gəzmək, yoga, pilates və üzgüçülük ən faydalı idman növləridir. Miqren xəstələri idmanı gündə azı 30 dəqiqə olmaqla həftədə 3-4 dəfə etməlidirlər."
Dr. Qasımova kompüter qarşısında işləyənlər üçün isə əlavə tövsiyələr verir:
"Hər saatdan bir qısa fasilə vermək, masa arxasında düzgün oturuşu qorumaq, ekran hündürlüyünü göz səviyyəsinə uyğunlaşdırmaq lazımdır. Monitorun işığı çox parlaq və ya zəif olmamalıdır. Əgər miqren tez-tez təkrarlanırsa, mütləq nevroloqa müraciət edilməlidir. Çünki bəzən miqren başqa xəstəliklərin də xəbərçisi ola bilər."
Nilay
