Naxçıvanda səhiyyə müəssisələri üçün 4,6 milyon manatlıq tibbi avadanlıq alınacaq
“Səhiyyə Müəssisələrinin Təminatı Mərkəzi” publik hüquqi şəxs Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan səhiyyə müəssisələri üçün tibbi cihazların, sterilizasiya və cərrahi alətlər dəstinin satın alınması ilə bağlı tender elan edib.
32gun.az bildirir ki, Layihənin ümumi dəyəri 4 milyon 672 min 605 manat 30 qəpik təşkil edir.
Satınalma çərçivəsində səhiyyə müəssisələrinin anesteziya cihazları, cərrahi masalar, əməliyyat lampaları, neonatal inkubatorlar, küvezlər və buxar sterilizatorları ilə təmin olunması planlaşdırılır. Anesteziya cihazları iki vaporizatorla təchiz olunacaq, PEEP idarəetməsi və müxtəlif rejimlərdə işləmə funksiyalarına malik olacaq, hər birində 15–18 düymlük LCD ekran və ən azı 120 dəqiqəlik batareya sistemi olacaq. Cərrahi masalar elektrik motorlu, ginekoloji, uroloji, travmatoloji və kardiocərrahi əməliyyatlar üçün uyğunlaşdırılmış, 200 kiloqramadək yükdaşıma qabiliyyətinə malik olacaq. Əməliyyat otaqları üçün nəzərdə tutulan cərrahi lampalar iki gümbəzli olacaq, hər gümbəz 150 min lux işıq gücünə malik olacaq, onlardan biri HD kamera ilə, əlavə olaraq isə 21 düymlük HD monitorla təchiz ediləcək.
Neonatal inkubatorlar rəqəmsal idarəetmə sistemi, hava və dəri temperatur sensorları, nəmlik göstəriciləri, reanimasiya rejimləri və monitorlarla təmin ediləcək. Küvezlər isə ikiqat şüşəli, hava və dəri temperaturuna nəzarət sistemi və xəbərdarlıq (alarm) mexanizmi ilə təchiz olunacaq. Bundan əlavə, 450–500 litrlik tutuma malik, iki qapılı buxar sterilizatorları alınacaq, bu avadanlıqlar mikroprosessor idarəetməsi, sensor ekran, barkod sistemi və mərkəzi sterilizasiya şəbəkəsinə inteqrasiya imkanı ilə seçiləcək.
Tenderin məqsədi Naxçıvan Muxtar Respublikasında tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsidir.
Ayaz