Hamiləlik dövründə ən çox nəyə diqqət edilməlidir? – Aybaay sağlamlıq tövsiyələri və mütəxəssis rəyi
Hamiləlik, qadın orqanizmi üçün həm fiziki, həm də emosional baxımdan ciddi dəyişikliklərin baş verdiyi xüsusi bir dövrdür. Bu prosesin sağlam şəkildə tamamlanması üçün gələcək ananın həyat tərzində müəyyən dəyişikliklər etməsi, qidalanmadan tutmuş istirahət rejiminə, hərəkətə və psixoloji durumuna qədər bir çox faktora diqqət yetirməsi vacibdir.
Araşdırmalar göstərir ki, hamiləliyin hər bir mərhələsində ana və dölün ehtiyacları dəyişdiyi üçün diqqət ediləcək məqamlar da aybaay fərqlənir. Mütəxəssislər hamiləlik dövrünü yalnız tibb yox, eyni zamanda həyat keyfiyyətini qoruma baxımından da idarə olunmalı bir proses kimi dəyərləndirirlər.
32gun.az bu barədə araşdırma aparıb:
Birinci trimestr: Sakitlik, qidalanma və hormonal uyğunlaşma
Hamiləliyin ilk 3 ayı – yəni birinci trimestr – ana orqanizminin hamiləliyə uyğunlaşdığı, hormonal dəyişikliklərin maksimum səviyyədə baş verdiyi dövrdür. Bu mərhələdə qadınlarda tez-tez ürəkbulanma, yorğunluq, emosional dəyişkənlik və yuxusuzluq halları müşahidə oluna bilər.
Mütəxəssislər bu dövrdə gələcək analara əsasən istirahətə önəm verməyi, kəskin qoxulu və ya yağlı yeməklərdən uzaq durmağı, qidalanma rejimini tənzimləməyi və həkim nəzarətində fol turşusu qəbulunu tövsiyə edirlər. Bu mərhələdə ağır fiziki fəaliyyətlərdən, səfərlərdən və stressdən mümkün qədər uzaq durmaq faydalı sayılır.
İkinci trimestr: Hərəkət, balanslı qidalanma və psixoloji rahatlıq
Hamiləliyin 4–6-cı aylarını əhatə edən ikinci trimestr bir çox qadın üçün “qızıl dövr” adlandırılır. Səhərlər baş verən ürəkbulanma və halsızlıq azalır, qadın özünü daha enerjili hiss edir və dölün inkişafı da bu mərhələdə sürətlənir.
Bu mərhələdə gələcək analar üçün yüngül fiziki fəaliyyətlər artıq tövsiyə edilir. Həkim nəzarətində edilən pilates, yoqa, gəzinti və üzgüçülük kimi fəaliyyətlər həm fiziki rahatlıq gətirir, həm də doğuma hazırlıq baxımından faydalıdır. Eyni zamanda düzgün duruş, bel əzələlərinin möhkəmləndirilməsi və nəfəs məşqləri bu dövrdə mühüm rol oynayır.
Qidalanma baxımından isə dəmir, kalsium və proteinlə zəngin məhsulların menyuya daxil edilməsi məsləhət görülür. Psixoloji rahatlıq üçün müsbət mühit, dəstək və stressdən uzaq həyat tərzi tövsiyə edilir.
Üçüncü trimestr: Doğuma hazırlıq, dincəlmək və nəzarətli fəaliyyət
Son 3 ay – yəni üçüncü trimestr – doğuma hazırlığın başladığı və fiziki yükün artdığı bir mərhələdir. Bu mərhələdə qadında çəkidə artım, bel ağrıları, yuxu pozuntuları və nəfəs almaqda çətinliklər müşahidə oluna bilər. Dölün sürətlə böyüməsi ananın orqanizminə əlavə yük yaradır.
Bu dövrdə həkim nəzarəti daha sıxlaşdırılmalı, qan təzyiqi, şəkər səviyyəsi və körpənin vəziyyəti mütəmadi izlənməlidir. Fiziki fəaliyyətlər tamamilə dayandırılmamalıdır, lakin daha yüngül və təhlükəsiz hərəkətlər seçilməlidir – məsələn, evdə edilən nəfəs məşqləri və qısa məsafəli yürüşlər.
Yuxu rejiminə və düzgün yatma pozasına (məsələn, sol tərəfə uzanmaq) diqqət yetirmək, dincəlməyə daha çox zaman ayırmaq tövsiyə olunur.
Hamiləlikdə idman olarmı?
Ümumilikdə sağlam bir hamiləlik keçirən qadınlar üçün idman, xüsusilə ikinci və qismən üçüncü trimestrlərdə, həm ananın fiziki dözümlülüyünü artırmaq, həm də doğumu asanlaşdırmaq baxımından müsbət təsir göstərə bilər. Lakin hər bir idman fəaliyyəti əvvəlcə mütləq həkimlə məsləhətləşdirilməlidir. Riskli hamiləliklərdə, çoxdöllü hamiləliklərdə və bəzi tibbi vəziyyətlərdə fiziki fəaliyyətdən uzaq durmaq tələb olunur.
Ən çox tövsiyə olunan idman növləri arasında hamilələr üçün yoqa, gəzinti, üzgüçülük və aşağı intensivlikli aerobika yer alır. Ağır çəkilər qaldırmaq, yüksək riskli idmanlar (məsələn, atçılıq, dağçılıq və ya sıçrayışlı məşqlər) isə tövsiyə edilmir.
Ekspert rəyi: “Hamiləlik dövründə əsas diqqət balanslı yanaşmadadır”
Qadın sağlamlığı üzrə məsləhətçi və doğum öncəsi hazırlıq üzrə mütəxəssis Ayan Qasımova bu mövzuda 32gun.az-a belə açıqlama verir:
“Hamiləlikdə qadın bədəni hər ay fərqli ehtiyaclar və dəyişikliklərlə qarşılaşır. Birinci trimestrdə istirahət və orqanizmin uyğunlaşması ön plandadırsa, ikinci trimestrdə aktivlik və balanslı qidalanma daha vacib olur. Üçüncü trimestr isə tamamilə doğuma psixoloji və fiziki hazırlıq mərhələsidir. Fiziki fəaliyyət isə şərti olaraq icazəlidir. Hər hamiləlik özünəməxsusdur və bütün idman növləri hər qadına uyğun olmaya bilər. Burada əsas məqam odur ki, hamilə qadın öz bədənini dinləməyi bacarsın və hər addımı həkimi ilə birlikdə planlaşdırsın.”
Hamiləlik nəzarət və anlayış tələb edir
Hamiləlik dövründə qadının sağlamlığına yanaşma təkcə tibbi yox, həm də psixoloji və həyat keyfiyyəti baxımından kompleks şəkildə qurulmalıdır. Aybaay dəyişən ehtiyaclara uyğun olaraq qidalanma, istirahət, fiziki aktivlik və həkim nəzarəti düzgün balansda saxlanılarsa, həm ana, həm də körpə üçün bu dövr sağlam və təhlükəsiz şəkildə başa çatdırıla bilər.
Nilay