SOSIAL ÖZ XƏBƏR

Elnur Allahverdiyevə məxsus olduğu bildirilən "Kontakt Home"dan kompüter aldı, nasaz çıxdı - "Qaytarmaq istəmirlər"

10 oktyabr 2025-ci il tarixində vətəndaş “Kontakt Home” mağazasından noutbuk aldığını bildirib. Onun sözlərinə görə, alış zamanı ƏDV çeki təqdim olunmayıb və mağaza əməkdaşları ödənişin “Novas” kredit təşkilatı vasitəsilə onlayn şəkildə (e-manat, MilliÖn) edilə biləcəyini bildiriblər.

Alıcı qeyd edib ki, mağaza əməkdaşları noutbuka proqram təminatının yazılması üçün əlavə 300 manat tələb edib, lakin o, razılaşmayıb:

“Dostum servisdə işləyir, Windows-u o yazacaqdı. Kompüteri aldıq, Windows 11 quraşdırıldı və bir həftə problemsiz işləyirdi.”

Lakin vətəndaşın sözlərinə görə, bir həftə sonra evdə uşaqlar noutbukun kamerasını açarkən ekranın ortasında bənövşəyi cızıq meydana çıxıb:

“Googledan ‘web camera test’ vasitəsilə yoxladıq, eyni problem göründü. Kompüteri dərhal “Kontakt Home”a apardıq, dedik ki, qaytarmaq istəyirik.”

Mağazada alıcıya bildirilib ki, problem orijinal olmayan Windows 11 proqramından qaynaqlana bilər. Lakin müştərinin dostu — texnik — bu iddianı təkzib edib:

“Windows-un proqram təminatı belə fiziki qüsur yarada bilməz. Bu, ya ekran, ya da kameranın defektidir.”

Mağaza əməkdaşları cihazın servisə təqdim olunmasını və orada qərar veriləcəyini deyiblər — ya təmir ediləcək, ya da dəyişdiriləcək. Müştəri isə cihazı qaytarmaqda israrlıdır və istehlakçı kimi hüquqlarını bilmək istəyir.

Hazırda alıcı İstehlakçı hüquqlarının qorunması haqqında qanun əsasında noutbuku qaytarmaq və ya dəyişmək hüququnun tanınmasını tələb edir.

Qeyd edək ki, Kontakt Home mağazalar şəbəkəsinin sahibi olduğu iddia edilən sabiq millət vəkili Elnur Allahverdiyev mətbuatda bir neçə dəfə bu məsələ ilə bağlı açıqlama verib. O, 2020-ci ilin mart ayından etibarən sahibkarlıq fəaliyyətini dayandırdığını bildirsə də, son zamanlar onun yenidən biznes fəaliyyətinə qayıtdığı barədə məlumatlar yayılıb.

Ayaz 

Oxşar Xəbərlər