Sankt-Peterburqdan olan bir qadın azyaşlı qızı ilə birlikdə Tehranda iranlı ərindən gizlənməyə məcbur qalıb.
32gun.az xəbər verir ki, bu barədə Baza məlumat yayıb.
Rusiyalı qadın Galinanın sözlərinə görə, o, yeddi il əvvəl Əli adlı iranlı kişi ilə tanış olub. Qısa müddət sonra cütlük evlənərək Rusiyada yaşamağa başlayıb və onların bir qızı dünyaya gəlib. Qadının iddiasına əsasən, əri dəfələrlə ona fiziki zorakılıq göstərib, sonradan isə üzr istəyərək onu bağışlamağa məcbur edib.
Daha sonra Galina ərinin azyaşlı qızına qarşı qeyri-etik hərəkətlər etdiyini sezib və Rusiya İstintaq Komitəsinə müraciət edib. Bundan xəbər tutan Əli qadını döyüb, Galina xəstəxanada olduğu müddətdə isə qızı qaçırıb.
Sağaldıqdan sonra Galina uşağını geri almaq üçün İrana yollansa da, əri qızı qaytarmaqdan imtina edib.
“Əli qızı verməkdən imtina etdi və bildirdi ki, ağsaqqalların icazəsi ilə doqquz yaşında onu ərə verəcək və bunun hesabına ‘varlanacaq’”, – deyə məlumatda qeyd olunur.
Qadın ərinə yenidən qayıtmaq istədiyi görüntüsünü yaradıb və onunla tək qaldığı anda qızı ilə birlikdə qaçmağa nail olub. Hazırda ana və qız İrandan çıxa bilmirlər, çünki yerli qanunvericiliyə görə, qız 18 yaşına çatana qədər atasının icazəsi olmadan ölkəni tərk edə bilməz.
Ayaz